Azərbaycan “Avroviziya” dolaşığında...

 Azərbaycan “Avroviziya” dolaşığında... backend

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsi mayın 14-ü final yarışması ilə başa çatıb. 40 iştirakçı ölkədən münsiflərin və tamaşaçıların ümumi səsverməsində Ukraynanın “Kaluş” qrupu qalib gəlib.

Qaziler.az Novator.az-a istinadla bildirir ki, rəsmi rəqəmlərə görə, Azərbaycan münsifləri finalda Böyük Britaniyaya 12, İtaliyaya 10, İsveçə 8, Portuqaliyaya 7, Ukraynaya 6, İspaniyaya 5, Niderlanda 4, Yunanıstana 3, Polşaya 2, Fransaya 1 bal verib.

Azərbaycan tamaşaçılarının Ukraynaya 12, İspaniyaya 10, Böyük Britaniyaya 8, Norveçə 7, Serbiyaya 6, İtaliyaya 5, İsveçə 4, Yunanıstana 3, Avstraliyaya 2, Polşaya 1 bal verdiyi bəyan olunub.

“Avroviziya” müsabiqəsinə ictimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi məsuldur. Mayın 15-də bu qurum Azərbaycan, Gürcüstan, Polşa, Rumıniya, Monteneqro və San Marino münsiflərinin yarışdan kənarlaşdırıldığını bəyan edib. Birlik həmin ölkələrin münsiflərinin mayın 12-də keçirilmiş ikinci yarımfinalın səsverməsində qüsurlara yol verdiyini bildirib.

Mayın 16-da açıqlama yayan İctimai Televiziya və Radio Yayımları Şirkəti qeyd edib ki, “Avroviziya 2022”nin finalında baş verənləri və ondan sonra verilmiş qərarları təəssüflə qarşılayıb: “Biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıda Ukraynaya 12 bal verildiyi yer alıb. Yarışma təşkilatçıları finalın sonunda heç bir səbəb gətirmədən İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən başqa nəticələrin açıqlanmasını istəyiblər. Bu istək rədd olunub. Dərhal təşkilatçılara rəsmi məktub göndərilib və bəyan olunan nəticələrin deyil, bizim jürinin gerçək səslərinin açıqlanacağı, bu məsələnin ictimailəşdiriləcəyi bildirilib. Yalnız bundan sonra bizə mayın 12-də keçirilmiş yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verilib. Bu “qəribəlik”lə bağlı hansısa “sübutlar” təqdim olunmayıb.

Finalın yayımı zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsinin Azərbaycan münsiflərinin səsverməsinin nəticələrini elan etməyə hazır olmasına baxmayaraq yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik”.

Diaspora