Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında ümummilli lider Heydər Əliyevin doğum günündə keçirilmiş “Şahin” hərbi-idman oyununun qalibi olmuş 220 saylı orta məktəbin kollektivi ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsinin qazisi Nicat Cəlilov qalibiyyət münasibətilə məktəbin kollektivini təbrik ediblər. Bildiriblər ki, “Şahin” hərbi-idman oyunu yeniyetmələrin, gənclərin hərbi hazırlıqlarının artırılmasına, vətənpərvərlik ruhlarının daha da yüksəldilməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi, Qarabağı işğaldan azad etmiş rəşadətli Azərbaycan Ordusunu təşkil edən gənclərin əksəriyyəti də bu vətənpərvərlik yolunu keçib.
Sonda “Şahin” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb.









