40 şəhidin həyat hekayəsi bir kitabda

40 şəhidin həyat hekayəsi bir kitabda backend

Bu gün​ Əli Kərim adına Sumqayıt Poeziya klubunda​ yazıçı-publisist Dilarə Rüstəmin 44 günlük savaşımızın qəhrəmanlarından bəhs edən​ “Məni göylərdə axtarın” kitabının təqdimatı​ keçirildi.​ Azərbaycan himni səsləndikdən sonra Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu.

Dilarə Rüstəmin müəllifi olduğu  “Məni göylərdə axtarın” kitabı​ Vətən uğrunda şəhid olmuş 40 şəhidin həyat hekayətini canlandırır. 408 səhifəlik kitabda vətənimizin  müxtəlif  bölgələrində doğulub boya-başa çatmış​ qəhrəman oğullarımızın döyüşdə göstərdikləri şücaətlər, onların ​qısa, ​lakin şərəfli ömür yolundan​ söhbət açılır.

Milli Məclisin deputatı Nizami Səfərov​​ Azərbaycan torpağının, ana vətənin azadlığı uğrunda​ canından keçmiş oğul və qızlarımızın xatirəsinin​ hər zaman uca tutulduğunu,​ ​qəhrəmanlarımızın döyüş yolu haqqında​ artıq bir neçə kitabın yazıldığını söylədi.​ O, şəhid qəhrəmanlarımıza həsr olunan kitabların tədimat mərasimini​ ən böyük hadisə adlandırdı. Dilarə Rüstəmin​ müzəffər qələbəmizdən sonra ərsəyə gətirdiyi kitabın​ şəhidlərin adına​ ən gözəl abidə olduğunu dedi.

Təqdimat mərasimində iştirak edən şəhidlərimizin valideynləri ​Vətən Müharibəsi Qəhrəmanları ​Surxay Noçuyevin atası Əbdül Noçuyev, Camal İsmayılovun anası Filara İsmayılova, Elyar Vəliyevin atası Arif​ Vəliyev, ​ Abdullah Əhmədovun anası Validə Əhmədova, Həmid Abbasbəylinin​ anası Gülnara Abbasbəyli, şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədzadə ​və digərləri​ çıxış edərək,​ Vətən uğrunda canından keçən övladlarının adına yazılmış kitabın onlara təsəlli olduğunu dedilər.

Sumqayıtdakı 11 nömrəli məktəbin​ şəhid Kamil Şirinov adına 1-ci “a” sinifinin şagirdləri​ ədəbi kompozisiya ilə çıxış etdidlər.

Vətən müharibəsi qazisi Fədai Allahverdiyev​ müharibə xatirələrini, döyüşçü şair Elvin İbtiqam isə​ “Məni göylərdə axtarın”​ kitabında ​adı keçən komandiri olmuş​ Emin Əsədov haqqında xatirələrini və komandirinə həsr etdiyi şerini söylədi.

Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası, “Şəhid anaları İctimai Birliyinin sədri Ceyran Axundova​ şəhid və qazi aillərinə göstərilən dövlət qayğısından danışdı, Aprel döyüşlərinin Azərbaycan döyüş tarixinin​ ilk ​ qəhrəmanlıq müjdəsi olduğunu​ söylədi.

Daha sonra əməkdar jurnalist Faiq Hüsiyev,​ yazıçı Varis, tədqiqatçı jurnalist Aida Eyvazlı, kitabın redaktoru Xəyalə Həmzəliyeva​ Dilarə Rüstəmin​ şəhidlərimizin həyatına həsr etdiyi kitabın məziyyətlərindən danışdılar. Çıxış edənlər kitabda toplanan həyat hekayətlərində hər bir şəhid oğlumuzun qəhrəmanlığının və adi həyat tərzinin ustalıqla qələmə alındığını​ qeyd etdilər.

Kitabın müəllifi Dilarə Rüstəm dedi ki,​ hər kitab bir sınaqdır: "​İnanıram ki,​ “Məni göylərdə axtarın” vətənini sevən, şəhid adını uca tutan hər bir kəsin stolüstü kitabı olacaq. Çünki bu kitab başqa kitablara bənzəmir. Bu kitabda həyatını qələmə aldığım şəhidlərimizin hamısı o sətirlərdə yaşayır. 9 aya ərsəyə gətirdiyim 40 igidin həyatını yazmaq mənim üçün nə qədər ağır olsa da, bu onların qəhrəmanlığı qarşısında çox azdır! İndi mənim şəhid olan daha 40 övladım vardır.”

Tədbirin sonunda​ tanınmış vokal ifaçısı, ​Əməkdar​ artist​ Zemfira İsmayılova və müğənni Rəhilə Quliyeva​ şəhid ruhlarını və qələbəmizi tərənnüm edən mahnılar oxudular. (modern.az)

Diaspora