Rus tankı qabyuyana möhtac

 Rus tankı qabyuyana möhtac backend

ABŞ-ın sanksiyaları Rusiya hərbi texnikasını qabyuyana və soyuducuya yararlı olan avadanlığa möhtac qoyub.

Qaziler.az Novator.az-a istinadla xəbər verir ki, ABŞ-ın ticarət naziri Cina Raymondo mayın 11-i Senatda keçirilən dinləmələrdə bu məsələyə toxunub. Ukraynanın baş naziri ilə bu yaxınlarda keçirdiyi görüşü xatırladan Cina Raymondo Rusiyanın hərbi texnikada qabyuyan və soyuduculardakı kompüter çiplərindən istifadə etdiyinə dair bilgi aldığını vurğulayıb: “Ukraynalılar ələ keçirdikləri bəzi rus hərbi texnikalarında qabyuyan maşınlardan və soyuduculardan götürülmüş yarımkeçiricilər aşkarlandığını söyləyirlər. Rusiya tanklarından soyuducu hissələrinin, habelə ticarət və sənaye avadanlıqlarının detallarının çıxdığı bildirilir. Mütəxəssislərin fikrincə, Rusiya öz hərbi texnikası üçün zəruri olan bəzi komponentləri əldə edə bilmədiyindən həmin detallardan yararlanmaq məcburiyyətində qalıb”.

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının əsas hissəsini ixrac prosesini əhatə edir. Bu istiqamətdə sanksiyalara əməl olunmasına nəzarəti Ticarət Nazirliyi həyata keçirir. Nazirin sözlərinə görə, fevralın sonunda sanksiyaların tətbiqinə başlanandan bəri ABŞ-ın Rusiyaya texnologiya ixracı 70 faizədək azalıb.

Daha 30 ölkənin oxşar ixrac qadağaları tətbiq etdiyini vurğulayan nazir sanksiyaların Belarusu da əhatə etdiyini bildirib.

Cina Raymondo Senatdakı çıxışında Rusiyada tank istehsalı ilə məşğul olan iki müəssisəsinin komponent çatışmazlığı səbəbindən istehsalı dayandırdığını da deyib.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 24-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya 4 mindən çox sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2,8 minə yaxın sanksiya olub.

loading...
Diaspora