ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan diasporu Azərbaycanın Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş "Mən Azərbaycanı hər yanda axtarıram" mövzusunda foto müsabiqəsi elan edib.
Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaş arası uşaqlar və gənclər iştirak edə bilərlər. Mayın 28-də başa catacaq müsabiqənin şərtlərinə əsasən, fotolar plagiatdan uzaq olmalıdır. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları 1 iyun tarixində – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanacaq.
Həmin gün keçiriləcək mərasimdə I, II və III yerləri tutan qaliblərə pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək. I yerin qalibinə 500, II yerin qalibinə 300, III yerin qalibinə 200 ABŞ dolları məbləğində pul mükafatlarının verilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyən uşaqlar və gənclər Azərbaycana aid olan şəkilləri [email protected] elektron ünvanına göndərməlidirlər.
Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan- Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi keçirilib.