Növbəti SAT imtahanı oktyabrda keçiriləcək

Növbəti SAT imtahanı oktyabrda keçiriləcək backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 3-də növbəti SAT imtahanını keçirəcək. İmtahanda iştirak etmək üçün qeydiyyat onlayn qaydada aparılır və müraciətlər sentyabrın 4-ü saat 09.00-dək qəbul olunacaq.



TQDK-dan AZƏRTAC-a bildiriblər ki, maraqlananlar http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçidində təqdim edilən bələdçi ilə tanış olaraq SAT imtahanına qeydiyyatdan keçə bilərlər.

İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dək imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyənləşdirməkdə obyektiv mənbə hesab olunur.

Diaspora