Uşaqlıqdan ən böyük arzum hərbçi olmaq idi” - Ziba Qəniyevanın adını daşıyan şəhid anası...

Uşaqlıqdan ən böyük arzum hərbçi olmaq idi” -  Ziba Qəniyevanın adını daşıyan şəhid anası... backend

“9 mayda doğulmağımı və başıma gələnləri alın yazısı kimi qəbul edirəm. Adımı isə atam Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycanın ilk snayperçi qadını Ziba Qəniyevanın şərəfinə mənə qoyub. Böyük Vətən Müharibəsinə beş əmim yollanmışdı, onlar ikisi itkin düşdü. Əmim Sənan Paşayev düşmənin bir batalyonunu tək qırmışdı. Stalin tərəfindən atamın anasına təşəkkür məktubu göndərmişdilər”

 

Bunu Moderator.az-a açıqlamasında şəhid qardaşları İntiqam və Nurlanın Əsgərlilərin anası Ziba xanım deyib. Şəhid anası övladlarının doğum günündə onu təbrik etməsini xatırlayaraq kövrəlib:

“Əmim valideyninə məktub yazıb və bildirib ki, əgər qayıtsam, ailə qurandan sonra qızım olsa, adını Ziba qoyacam. Yox, əgər qayıtmasam, qardaşlarımdan biri mənim arzumu gerçəkləşdirər. Bilinmədən üç əmiqızıyıq və üçümüzün də adı Zibadır, amma 9 mayda doğulduğuma görə atam adımı Ziba qoyub. Atam deyirdi ki, qardaşımın arzusunu gerçəkləşdirmək üçün adını Ziba qoymuşam. Ziba Qəniyeva isə əmimlə bir batalyonda döyüşüb. 

 

Mənim də uşaqlıqdan ən böyük arzum hərbçi olmaq idi. Amma özüm hərbçi olmasam da, övladlarımda hərb sənətinə həvəsi mən oyatmışam. Bir həqiqət də ondan ibarətdir ki, oğlum Nurlan 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olduqdan sonra 9 mayda, ad günümdə məzar daşı qoyuldu. Düşündüm ki, bu da mənim üçün Nurlanın hədiyyəsidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim də qismətimizdə bu var imiş. Bu da Allahın bizə göndərdiyi bir yazıdır, onun yazısıyla həmişə barışmışıq. Təki Vətənimiz sağ olsun. 

 

Çox çətin şəraitdə yaşamışıq. Amma buna baxmayaraq Nurlan və İntiqam həyətdən gül dərib məni təbrik edirdilər. 9 may günü elə bir hərəkət edirlər ki, mən onlarla fəxr edirdim. Hamınıza diqqətiniz üçün təşəkkür edirəm”.

 

 Qeyd edək ki, Ziba xanımın kiçik oğlu Nurlan Əsgərli isə 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olub. O, ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

 

İntiqam Əsgərli isə Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölkə başçısı tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Diaspora