Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması cəmiyyət arasında rezonans doğurub. Hazırda sosial şəbəkə istifadəçiləri jurnalistə edilən hərəkəti pisləyir və tez zamanda haqqın öz yerini tapacağına ümid edirlər.
Ümumiyyətlə, jurnalistlərə qarşı edilən təhqir və təhdidlər, hücumlar qanunla necə tənzimlənir? Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, bu ən kəskin qanun pozuntusudur.
“Aytən Məmmədova məhkəmə prosesləri barədə informasiyalar, reportajlar hazırlayan jurnalistlər sırasında tanınmış imza sahiblərindəndir. Bir peşəkar olaraq ixtisaslaşdığı sahənin prinsiplərini, həmçinin, təhlükəsizlik qaydalarını yaxşı bilir. Belə bir jurnalistin təhdid edilməsi, yaşadığı binaya qədər izlənilib boğazına bıçaq dirənilməsi, məhkəmələrdən yazı yazmamağının tələb edilməsi ciddi qanun pozuntusudur, ən kəskin formada pislənilməlidir. Azərbaycan Konstitutsiyası, “Media haqqında” qanun, “Məlumat azadlığı haqqında” qanun, “İnformasiya əldə etmək haqqında” qanun və digər hüquqi aktlar ölkədə jurnalistin fəaliyyətinə ən yüksək formada təminat verir".
O, həmçinin qeyd edib ki, bu hadisə həm jurnalistə, həm də ölkəmizə qarşı törədilən ciddi təxribat əməlidir.
“Azərbaycan dövləti və hökuməti medianın azad fəaliyyəti, jurnalistlərin sərbəst davranışı üçün hər cürə şərait yaradıb. Belə bir şəraitdə ölkədə hansısa peşəkar jurnalistin ölümlə hədələnməsi bir tərəfdən qanunların pozulmasıdır. Digər tərəfdən isə, həm jurnalistə, həm də ümumilikdə ölkəmizə qarşı ciddi təxribat əməlidir. Bu hadisə kriminal hadisə müstəvisində araşdırılmaqla yanaşı, həm də ümumilkdə ölkəmizə qarşı təxribat törədilməsi cəhdi kimi tədqiq edilməlidir. Görünür kimlərsə Azərbaycanın adının “jurnalistlərə qarşı təhlükə olan” ölkələr siyahısına qatmaq, beynəlxalq hesabatlarda tənqid etdirmək istəyir. Bu baxımdan məsələ ən müxtəlif kontekstlərdən araşdırılmalıdır”.
Aydın məsələdir ki, araşdırma yazılarında müəllif cəmiyyətə mütləq yeni faktlar təqdim etməli, tədqiq etdiyi sahə ilə bağlı "sirr pərdəsi”ni ortadan qaldırmalıdır. Jurnalist prisiplərinə uyğun olaraq düzgün və qərəzsiz yazıları mətbuata çatdırmalıdır. Təəssüflər olsun ki, indi ölkədaxili problemləri araşdırmaq özü də bir problemdir. Ya jurnalistin təhlükəsizliyinə ya da başqa məqamlara... Bəs bu kimi xoşagəlməz hallar baş verərsə jurnalist nə etməlidir? Başqa cür ona necə dəstək verilməlidir? M.Ələsgərli bu fikrə də münasibət bildirib.
“Beynəlxalq təlimatlarda bu barədə çox aydın təsəvvür formalaşdırılır. Təhdid, təhlükə ilə üzləşən jurnalist öncəliklə çalışdığı redaksiyaya, həmkarlarına, jurnalist təşkilatlarına və hüquq-mühafizə orqanlarına xəbər verməlidir. Məsələnin ictimailəşməsi müdafiəni təşkil etmək üçün ən yaxşı vasitədir. Bu baxımdan Aytən Məmmədova düzgün hərəkət edib. Həm hüquq-mühafizə orqanlarına, həm də jurnalist təşkilatlarına xəbər verib. Jurnalist ictimaiyyətinin borcudur ki, onunla həmrəylik göstərsin, cinayətkarın tapılıb cəzalandırılmasına çalışsın”.
Qeyd edək ki, hadisə may ayının 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokda baş verib. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə minən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib. Aytən Məmmədova son vaxtlar əsasən Tovuzda baş verən "Nərmin cinayəti" ilə bağlı keçirilən məhkəmə proseslərindən yazıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.
Ednews.net