Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi - FOTO

Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi - FOTO backend

Ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilmiş Vətən müharibəsi əlilləri və nazirliyin əməkdaşlarının iştirak etdiyi futbol yarışı təşkil edib.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, yarışda 16 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri (o cümlədən 1-i hər iki ayağı son nəsil protezdən olan), digərləri isə Nazirlik əməkdaşları olub. 8 nəfərlik komandaların hər birində oyunçulardan 5-ini son nəsil protezlərlə təmin olunmuş müharibə əlilləri təşkil edib.

 

Yarışı izləməyə nazirliyin rəhbər şəxsləri, veteran futbolçular, azarkeşlər gəlib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərə öz töhfəsini vermiş qəhrəman Vətən övladlarının sosial dəstəklə təminatı işlərini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.

 

Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar. Bu günkü futbol yarışında da bir daha bunun şahidi oluruq.

 

Böyük maraqla qarşılanan futbol yarışında müharibə əlilləri aktiv oyun nümayiş etdirə bilmələri ilə seçiliblər. 5:5 hesabı ilə yekunlaşan yarışın sonunda qazilərə diplomlar təqdim edilib.

Diaspora