Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Prodiction” şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak edirlər.
Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan bu musiqi bayramı avqustun 26-dək davam edəcək. Festival axşam saatlarında şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlayıb. Yüzədək nağara ifaçısı çal-çağırla “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Qala divarlarına doğru hərəkət edib. Nağaraçalanların yürüşü Qoruğun ərazisindəki Yay Teatrında başa çatıb.Daha sonra Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını bildirib.
Rəsmi hissədən sonra Özbəkistanın “Abbos”, İranın “Lian”, Türkiyənin “İstanbul Harem” və Azərbaycanın “Natiq ritm” qrupları tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər.