Qənirə Paşayeva Milli Məclisdə Anar Kərimovun diqqətini xahiş etdi - VİDEO

Qənirə Paşayeva Milli Məclisdə Anar Kərimovun diqqətini xahiş etdi -  VİDEO backend

Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisdə incəsənətin xüsusi sahəsində çalışan balet və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin pensiya yaşı ilə bağlı üzləşdiyi problemlərdən danışıb və təkliflərlə çıxış edib.

Qaziler.az xəbər verir ki, Q.Paşayeva bir sıra vacib məqamlara toxunub, Komitəyə ünvanlanmış önəmli müraciətləri və təklifləri səsləndirib:
 
"Xanım sədr, mən bu müzakirə etdiyimiz qanun layihəsi ilə bağlı Mədəniyyət Komitəsinə Mədəniyyət Naziliyindən gələn təklifləri səsləndirmək istəyirəm. Eyni zamanda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və bir sıra qurumların, tanınmış Xalq artistlərimizin müraciətlərini burada səsləndirmək istəyirəm. Onlar çox xahiş edirlər ki, ikinci oxunuşda olan bu qanun layihəsində sözügedən məsələlər diqqətdə olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini hörmətli Anar müəllim də buradadır. Çox xahiş edirəm, bu məsələyə çox diqqət edilsin. Çünki bu Azərbaycanda rəqs mədəniyyətinin inkişafı üçün çox önəmlidir və 200-dən çox insanı əhatə edir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə görə incəsənətin xüsusi sahələrində çalışan sığorta olunanların – kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışdıqda, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Lakin təcrübə göstərir ki, sözügedən qanunda göstərilən yaş hədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin göstəricilərinin siyahısına əsasın müəyyən edilmiş incəsənətin xüsusi sahəsində çalışan balet və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin bu güzəştlərdən  tam şəkildə yararlanmasını çətinləşdirir. Belə ki, balet artistləri və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri erkən yaşlarında – 18, 20 yaşlarında işləməyə başlayır və 20-25 il sonra əmək fəaliyyətləri ağır olduğundan və dəfələrlə zədə aldıqlarından əmək qabiliyyətləri məhdudlaşır. Digər tərəfdən, çevikliyin azalması, səhnə görüşünün uyğunsuzluğu səbəbindən o yaşdan sonra onların öz sənətlərini davam etdirmələri çətinləşir. Peşəsindən uzaqlaşmalı olan artistlər əmək pensiyası almaq üçün 15-20 il gözləməli olur və bu müddətdə onların əksəriyyəti işsiz qalır. Məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Mədəniyyət Naziriyinin tabeliyində olan konsert müəssisələrində 200-dən artıq peşəkar kollektivdə rəqs nömrələrinin ifaçı artistləri çalışır. Onlar tərəfindən mütəmadi olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddəsində əks olunan yaş həddinin onlar üçün yüksək olması ilə bağlı müraciətlər edilir və bu müraciətləri edənlər sırasında kifayət qədər Azərbaycan rəqs mədəniyyətinə böyük töhfələr vermiş şəxslər də var. Onlar müəyyən yaşdan sonra iş də tapa bilmir və çətin duruma düşürlər. Onlar qanun layihəsində müəyyən dəyişiklik və təkliflər edilməsini zəruri hesab edir. Cənab Prezidentimizin, dövlətimizin və parlamentimizin hər zaman incəsənət xadimlərinə olan həssas münasibətini də nəzərə alaraq, müvafiq maddədə - güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər maddəsinin 9.1 maddəsində axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin mötərizə içərisində balet artistləri və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri istisna olmaqla ifadəsinin əksini tapmasını istəyirlər.

Eyni zamanda, 9.1 maddəyə əlavə təklif olunur. Həmin təklifdə 9.1-1 - “axırıncı iş yerindən asılı olmayaraq balet artistləri və peşəkar bədii kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin (müvafiq işlərdə ən az 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların) bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır” maddəsinin əlavəsi qeyd olunur.

Diqqətinizə görə təşəkkür edirəm".

loading...
Diaspora