Mübariz Mənsimov niyə Lotu Qulini söyməli idi?

Mübariz Mənsimov niyə Lotu Qulini söyməli idi? backend

“Palmali” şirkətlər qrupunun rəhbəri, başı bəlalar çəkən Mübariz Mənsimovun geniş müsahibəsi ətrafında böyük bir qalmaqal sosial şəbəkələri tam olaraq başına alıb. Nədir məsələ - Mübariz Mənsimovun Lotu Qulini ağır sözlərlə təhqir etməsi haqda yanlış bir düşüncə-qənaət!

Sosial şəbəkələrdə bəzilərinin söz anlamaqda çətinlik çəkdiyi, ifadələri anlamadığı, sözün çəkisinə, işlənmə yerinə diqqət etmədiyi, kontekstdən bir fikri çıxarıb, yanlış yerə yozması və öz məkrli-dayaz düşüncəsinin məntiqi olaraq ağzından söyüş ifraz etdiyini bilirik: bu insanlara adətən fikir verməməyə çalışırıq – baxmayaraq ki, onların içərisində, allah qoymasa, özünə “politoloq” adı yapışdıran gerizəkalılar da var.

Mübariz Mənsimovun bəlli müsahibəsi ətrafında yaranan qalmaqalı görəndə isə bir daha əmin oldum: onlar “bəziləri” deyil, əksəriyyətdir və təəssüf ki, bəzi media mənsubları da əksəriyyətdən qəti geri qalmır.

Niyəsini anlatmaq üçün bir daha müsahibəyə baxın, dinləyin: adam nə deyir?

Lotu Quli ilə bağlı məsələlərə aydınlıq gətirir: qətlinin sifariş edildiyi, Türkiyə MİT-in bu barədə onu məlumatlandırdığı, yanına polis yerləşdirildiyi, telefonunun dinlənildiyi, hətta qətlinə cəhdlə bağlı bəzi həbsllərin də olduğunu danışır. Qətlini isə Lotu Qulinin planlaşdırdığını əminliklə bildirir. Ancaq Lotu Quli qənaətinə niyə gəldiyini izah etmək üçün geriyə qayıdır: 2018-ci ilin yaz ayında onun telefonuna İtaliya nömrəsi ilə zəng gəlir; Lotu Quli imiş zəng edən: “Bizim qardaşımız haqda çox pis şeylər danışırsan, onları danışmamaq gərəkdir”. Mənsimov “Kimdir sizin qardaşınız” deyə soruşduğunu, “Anar Əliyev” cavabını aldığını deyir. Sitata diqqət edin: “Mənim leksikonumda nə qədər söyüş varsa, hamısını söydüm. O da “üzr istəyirəm” deyib, qapatdı telefonu”.

Bu cümlədən çıxış edənlər doğru olaraq iddia edirlər ki, Lotu Quli söyüşlərin qarşısında necə üzr istəyə bilər?

Qarşısındakının söyüşləri qarşısında yalnız Mövlanə, Şəms... üzr istəyə bilər - axmaq ağızı açdığı üçün; nəinki adi, məntiqli, ağıllı adam, heç Diagen belə üzr istəməyib, onda qalmışdı Lotu Quli ola!

Lotu Quli niyə üzr istəməli idi?

Bu sualı özünüzə verirsinizsə, bəs, Mübariz Mənsimovun Lotu Qulini söydüyünü hardan yəqin edirsiniz? Axı, Mübariz Mənsimov “Mən Lotu Qulini söydüm” demir! Adam Quli ilə “sizlə” danışdığını bildirir.

Bəs kimi təhqir edib?

Lotu Qulinin “üzr istəyib qapatması”ndan aşkarcasına aydındır ki, Mübariz Mənsimov Anar Əliyevə ağır sözlər işlədib, Lotu Quli isə sözünü eşitmədiyi üçün etiket qaydalarına və kriminal avtoritetə yaraşan tərzdə davranıb, “üzr istəyirəm” deyib, hər şeyi sülhlə nizamlamağa nahaq cəhd etdiyini dolayısı ilə ifadə edib.

Lotu Qulini söyməyə, onun ünvanına hər hansı ağır sözlər işlətməyə Mübariz Mənsimovun səbəbi də yoxdur.

M.Mənsimov onun qətlinə cəhdlərin arxasında Lotu Qulinin durduğunu əminliklə iddia etməsindən sonra bu sözləri xatırlatmaqla, əslində, Qulidən şübhələnməsinin səbəbini əsaslandırır. Bu qədər sadə!

Yadıma düşmüşkən: Mübariz Mənsimov “2018-ci il” əvəzinə “1918-ci ilin yazında” deyir. Niyə “ilişmirsiniz” bu sözə? Axı siz sözün mənasını yox, “formasını” götürürsünüz?

İddia etmirəm ki, cəmiyyətin hər bir kəsimi “ezop dili”ni anlamalıdır; iddia etmirəm ki, hər kəs hər sözün altında yatan mənanı başa düşməlidir. Ancaq bu cəmiyyət vaxtilə milli düşüncənin ədəbiyyatda obrazlaşmış ifadəsini çox yaxşı qanırdı axı! İndi nə oldu bu cəmiyyətə?

Axı, bütün ədəbiyyatı, mədəniyyəti, tarixi simvolların, məcazların, ibarələrin içində gizlənən bir toplumun düşüncəsi, anlayışı və qavrayışı bu cür olmamalıdır!

Axı, media mənsubları video-müsahibə zamanı sözlərin informasiyanın maksimum 15%-ni ifadə etdiyini, digər bütün informasiyaların intonasiya, mimika, jestlərdə cəmləşdiyini bilirlər və yaxud bilməlidirlər. Bəs, bu qədər hay-küyün səbəbi nədir?

O ayrı məsələ ki, kimlərsə bu ifadələrdən Mübariz Mənsimova qarşı sui-istifadə edir; kimlərsə bu “bəhanəni” onu ağır sözlərlə təhqir etmək fürsətinə çevirir...

O ayrı məsələ ki, Mübariz Mənsimovun elə Anar haqda da o cür ifadələr işlətməməsi və yaxud ümumiyyətlə, bəzi məsələlərdə daha təmkinli davranması, ucalarda dayanması, “bu ölkənin yaxşısı yaxşıdır, pisinə qurban olum”u həyat amalına çevirməsi, səhifələri qaralamaması, qaralanmış səhifəni isə “üzr istəyib qapatması” yaxşı olardı. Halbuki bunun əlamətləri də var – məsələn, Telman İsmayılovun batmasına münasibəti kimi...

Ancaq Mübariz Mənsimovun müdriklərin müdriki, böyük ictimai xadim obrazını yaratmaq kimin ağlına gəlib ki! Böyük bir şirkət qurubsa, bu, onun böyük filosof olması demək deyil və bunu ondan gözləməyə də ehtiyac yoxdur!

Adamın siyasi-ideoloji liderlərimizi qiymətləndirməsi də sıravi vətəndaşın, bu ölkəni kənardan seyr edən və inkişafını, gözəlliyini istəyən adi azərbaycanlının baxışıdır. Əsas odur ki, bu baxışda xəbislik, kiminsə yerini dar etmək, kiminsə yerinə iddia etmək və kimisə siyasi məqsədləri naminə aşağılamaq və yaxud ucaltmaq istəyi yoxdur. Fikirdir, belə görür və deyir!

Mübariz Mənsimov hansı gəmiyə nə adı verir, niyə verir, niyə əvvəlki adı pozub, yeniləyir? Nədir bu araşdırmaların səbəbi? Nə istəyirsiniz adamdan? Mübariz Azərbaycanda hansı vəzifəyə iddialıdır ki, onu saf-çürük edirsiniz? Adam Azərbaycana ancaq nəsə verməyə çalışır, bizdən heç nə almır! Sərvətini də bu ölkədə qazanmayıb, bu ölkədən milyarder olaraq çıxmayıb: bu ölkədən “bir pencəyi ilə” gedib...

Əfqanıstanda iki dəfə olduğunu deyir, dərhal rəsmi təkzibini paylaşırıq!

Mübariz Mənsimovun Əfqanıstanda olub-olmamasının bizə nə aidiyyəti var? Sosial Müdafiə Nazirliyinə pensiya üçün müraciət edib, yoxsa Müdafiə Nazirliyindən veteran kitabçası almaq istəyir? Bəlkə, ev növbəsinə, ya da maşın növbəsinə durmaq, əfqan veteranlarına güzəştlərdən sui-istifadə etmək həvəsindədir?

Əfqanıstanda olubsa bizə nə, olmayıbsa nə?

Adam Türkiyədə Azərbaycan ünvanlarından biri, bəlkə də birincisidir: azərbaycanlı tələbələrin təhsil almasına yardım edir, Azərbaycanın düşmənlərinə düşməndir, vəntənpərvərdir, Azərbaycanın adını yalnız yaxşı mənada təmsil etməyə çalışır, gücü çatdıqca dəstək olur!

Qardaş Türkiyədə “Azerbaycanlı iş adamıdır”! Bizimdir!

Yaxşı, bəs, nə vermişik Qurban kişinin oğluna ki, ala bilmirik!?

Təəssüflər ki, Rövnəq Abdullayevlə, “Lukoyl” rəhbəri ilə çox ciddi problemləri oldu – min dəfə təəssüf. Rövnəq Abdullayev SOCAR-dan, Vahid Ələkbərov “Lukoyl”dan getdi, Mübarizin isə başına gəlməyən qalmadı!

Kimə lazım idi bütün bu qovğalar? Kim itirdi?

Hər üçü və ümumilikdə azərbaycanlılar itirdi!

Bir yerdə olsalar, bir-birinə güzəşt etsələr, bir-birinə arxa-dayaq dursalar nə olardı?

Mən “Palmali” gəmilərinin Ələkbərovun neftini hansısa yolla daşıdığını eşitsəydim, “Lukoyl”u sanksiyalardan qorumaq üçün iki azərbaycanlının birləşib, AB qanunlarının imkan verdiyi bütün boşluqlardan bəhrələndiklərini duysaydım, yalnız qürurlanardım. Bu lənətə gəlmiş dünyada bizim olanlar, BİZİMKİLƏR özlərini niyə qorumamalı, bir-birinə arxa-dayaq olmaq əvəzinə bir-birinə qarşı vaxt, enerji, pul sərf etməli və hamısı itirməlidir? Niyə bu vəfasız həyatda, ikilistandartlı aləmdə, hər tərəfdən düşmən ağzında olduğumuz zamanda BİZİMKİLƏR bir ola, bir-birinə və bir-birini bağışlaya bilmirlər?

Mübariz Mənsimova qarşı “yaxşı kampaniya” istəyirsinizmi?

Lotu Qulini söydüyünü deməyib adam, heç Elçibəylə Heydər Əliyevi qarşılaşdırması və hər ikisinə sevgisini bildirməsi də “kompromat” deyil! Gedin, o videoya yaxşı baxın – o qədər “incə” məqamlar var ki! Daha “sanballı” bəhanələr verib Mübariz, daha ciddi tənqid üçün “əsaslar” söyləyib!

Amma başa düşə bilmirəm: Mübariz Mənsimovun mediaya bir səmimi açıqlamasından yapışıb, niyə vurmalıyıq axı onu? Yerimizi dar edir, çörəyimizi alır, yoxsa neftimizi əyri satır?

Millət olaraq hədəflərimiz var, buna qarşı olanları əzməyə qalxarsınızsa, yalnız qazanarıq.

Yoxsa, adam kimi adama demədiyi və yaxud tam olaraq anlada bilmədiyi sözünə görə günlərdir təhqirlər yağdırmağınızın səbəbini “izah etməyinizi”, yalvarsanız da, başa düşməyəcəm! Məşəqqətlər yaşayan bir soydaşımıza bu qədər nifrətinizin kökünü əlinizə bel alıb, öz içinizdən qazıyıb təmizləyin!

Təmizləyin ki, bu xıltdan Azərbaycan və azərbaycanlılar xilas olsun!

Anar / Axar.az

loading...
Diaspora