Akademik Milli Dram Teatrında unudulmaz aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq. Sentyabrın 25-də keçiriləcək xatirə tədbirində aktrisanın sənət dostları, yaxınları iştirak edəcək.
Respublikanın Əməkdar artisti, Dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.
Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.
Qeyd edək ki, Vəfa Fətullayeva görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə Qurbanova və Xalq rəssamı Nüsrət Fətullayevin övladıdır.