Bir nömrəli vəzifə - Qənirə Paşayevanın yazısı

Bir nömrəli vəzifə - Qənirə Paşayevanın yazısı backend

MM Mədəniyyət komitəsinin sədri Q. Paşayevanın yeni yazısını təqdim edirik.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Vətən Müharibəsində şəxsi igidliyinə, şücaətinə görə “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olub, ürək sözlərini bölüşüblər.

Bir neçə gün öncə isə Azərbaycan Prezidenti ADA Universitetində “Güney Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda geniş nitq söyləmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdı. Bu iki tədbiri bir-biri ilə bağlayan nədir? – İlk növbədə hər iki tədbir öz proqamı, mahiyyəti, missiyası ilə mühüm xarakterlidir. İkincisi, dövlət başçısı hər iki tədbirdə Vətən Müharibəsi, müharibəsonrası hadisələr başda olmaqla, gündəliyin vacib mövzuları barədə fikirlərini bölüşdü. Həm ADA-da keçirilən konfransın mövzusu üzrə, həm də şəhid ailələri və qazilərlə bağlı sosial proqramlarda müsbət dinamika vardır. Konfrans da, şəhid ailələri ilə görüş, sosialyönümlü proqramlar da  artıq ənənəvi xarakter alıb və hər iki istiqamətdə ölkəmizdə zəngin təcrübə yaranıb. Əgər ADA-dakı konfrans daha çox beynəlxalq ictimai fikrə yönəliksə, Sabunçudakı açılış ölkədaxili önəmliliyi ilə seçilir. Böyük tabloda götürsək, ümumən daxili və xarici siyasət bir-birini tamamladıqda daha təsirli olur və biz hər iki hadisənin ictimai fikrə müvafiq təsirlərini, daxili və xarici siyasətin üzvi vəhdəti ilə əlaqələndiririk.

Və nəhayət hər iki tədbir Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşüncə və fəaliyyət miqyasını, liderliyini təcalla etdirməkdədir.

-Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, ümumiyyətlə əhalinin imtiyazlı təbəqəsinə dövlət başçısının diqqət və qayğısı özəllikləri ilə seçilir və hər birimiz üçün örnəkdir;

 

-Azərbaycanda şəhid ailələrinin dövlət hesabına mənzillərlə təminatı, müharibə veteranlarına avtomobillər verilməsi, onların sosial problemlərinin həlli üçün görülən işlər – bütün bunlar Azərbaycan Respublikasının rəsmi statiskasında önəmli yer tutur. Bu işlər yalnız rəqəmlərlə ifadə olunmur – könül işidir, səmimi, xəlqi münasibətin dövlət siyasətində çiçəklənməsidir. Dövlətin ali rəhbərliyi şəhid ailələri, qazilərlə işi, ümumən dövlətin hüquqi və mənəvi öhdəliklərini bütün dövlət orqanları qarşısında 1 saylı vəzifə olaraq qoyub;

 

-Bir sözlə, humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.

ADA-dakı konfransa gəldikdə isə:

 

-Birincisi, cənab Prezidentin dünya səviyyəli siyasətçi, nüfuzlu dövlət xadimi olması, əsl liderlik keyfiyyətləri ilə seçilməsi danılmaz faktdır;

 

-İkincisi, dövlət başçısının toxunduğu məsələlər, konfrans iştirakçılarının suallarına anındaca və sərrast cavablar verməsi onun regionda, ümumən dünyada baş verən peoseslər barədə yüksək məlumatlılıq səviyyəsini nümayiş etdirir;

 

-Üçüncüsü, konfrans iştirakçılarının dünyanın tanımış intellektual təbəqəsini təmsil etməsi, onların siyasi və akademik çevrələrdə populyar olması, fikir və rəylərinin nəzərə alınması, sözügedən konfransın dəyərini daha da artırır.

 

Dövlət başçısının istər Sabunçudakı açılış mərasimində, istər ADA-dakı konfransda unudulmaz nitqi bizi qürurlandırır.

 

Artıq Azərbaycan Respublikasında sosialyönümlü dövlət modeli formalaşıb. Həm bu, həm xarici siyasətdəki uğurlar siyasi iradənin, ardıcıl praktik addımların nəticəsidir. Sabunçudakı açılış mərasimi də, ADA-dakı konfrans da bir daha bəlli etdi ki, qlobal bazardakı dəyişikliklərdən, yeni çağırışlardan irəli gələn zəruri islahatlar sosialyönümlü proqramları ertələməyib, əksinə kompensasiyaedici addımlar atılmaqdadır. Yəni, postmüharibə dövründə özəlliklə geniş vüsət almış sosial proqramlar əhalinin həssas təbəqəsinin maraqlarına xidmət edir. “Bəli, mən bütün dövlət qurumlarına göstəriş vermişəm, daim şəhid ailələri diqqətlə əhatə olunsunlar.

...Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur.” – Prezidentin sözüdür.

 

Yenidən ADA Universitetində keçirilmiş “Güney Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa qayıtsaq, əlbəttə, Azərbaycan Prezidentinin iştirakı və nitqi konfransın önəmini artırmışdır. Qeyd edək ki, öz işinə Şuşada başlayan və Bakıda davam edən “Güney Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzulu beynəlxalq konfransın ideyası hələ ötən ilin 13 aprelində Prezident İlham Əliyevin iştirakı ilə ADA-da keçirilmiş “Güney Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzulu beynəlxalq konfransda yaranıb. Sözügedən konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident bu təklifi müsbət qarşılamışdı. Dünyanın aparıcı beyin mərkəzləri, akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən forumun önəmi, mədəniyyət Paytaxtımız Şuşanın həm də bölgənin diplomatik paytaxtına çevrilməsini şərtləndirir. Cari ilin martında, BMT təmsilçisinin iştirakı ilə Şuşada BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə bağlı konfrans keçirildiyini, ötən aylarda xeyli xarici qonağın, səfirlərin, konsulların Şuşaya səfərinin təşkilini də xatırlasaq, Şuşanın diplomatik paytaxt statusu ilə bağlı deyilənlərin təsadüfi olmadığını görərik. Mənə elə gəlir ki, gələcəkdə ADA Universitetinin Şuşa filialının açılması ilə dağların incisinin diplomatik missiyasının perspektivi daha aydın görünə bilər.

 

DÖVLƏTİMİZ VAR OLSUN!

loading...
Diaspora