DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi backend

Bu ilin ötən dövründə Agentlik  5 beynəlxalq uğura imza atıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA)  “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri müsabiqənin qalibi olub.

Qaziler.az xəbər verir ki, agentliyin “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələri müsabiqənin Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı ilə Fəxri Diplomlara və Attestata layiq görülüb.

BSTA-nın Tallin şəhərində (Estoniya) mayın 2-də keçirilmiş “Avropa Regional Sosial Təminat Forumu”nda hər üç mükafat təqdim olunub.

Forumda Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov dəvətli ekspert statusunda “DOST Agentliyi ləyaqətli həyat naminə: 65 yaşdan yuxarı şəxslər üçün sosial müdafiənin təminati” adlı təqdimatla çıxış edib.

Təqdimatda ölkəmizdə 65 yaşdan yuxarı şəxslər üçün sosial xidmətlərin qurulması, COVİD-19 pandemiyası dövründə qarşıya çıxan çətinliklərin həllinə yönəlmiş innovativ yanaşmalar, görülən tədbirlər, atılmış addımlar, BMT-nin Əhali Fondu ilə birgə icra olunmuş “Fəal yaşlanma” layihəsi barədə məlumat verilib.

Xatırladaq ki, DOST Agentliyi bundan əvvəl daha bir nüfuzlu mükafatı - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanına layiq görülüb.

Beləliklə, bu ilin ötən dövründə Agentlik 5 beynəlxalq mükafatla təltif olunub.

DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9 avqust tarixində yaradılıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.

Hazırda 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

loading...
Diaspora