Qazilər üçün iftar süfrəsi təşkil edildi - FOTO

Qazilər üçün iftar süfrəsi təşkil edildi -  FOTO backend

Aprelin 30-da Bakıda “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Qazilərlə bir gün” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı münasibətilə Vətən müharibəsi qaziləri üçün iftar süfrəsi təşkil olunub.

Millət vəkillərinin, tərəfdaş qurumların nümayəndələrinin, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qaziləri, üzv və könüllü gənclərin iştirak etdiyi tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub, qazilərimizə şəfalar dilənib.

Tədbirdə çıxış edən natiqlər artıq iki ildir ki, xalqımızın həmrəylik, mənəvi birlik və bərabərlik rəmzi olan müqəddəs Ramazan ayını Zəfər əhval-ruhiyyəsi ilə qeyd etdiyini bildirib, azan səsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 30 ildir həsrətində olduğumuz, 44 günlük haqq savaşında işğaldan azad edilmiş torpaqlarımızda səsləndiyini qürurla diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir.

Öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın əbədi və əzəli torpaqlara Böyük qayıdışını təmin etmək üçün fövqəladə işlər həyata keçirilir, işğal zamanı dağıdılmış mədəni-mənəvi irsimiz dirçəldilir, məscidlərimiz, tarixi abidələr və ziyarətgahlarımız bərpa edilir, abad kəndlər və şəhərlər salınır. Gənclərimizin bütün bu proseslərdə aktivliyi, təşəbbüskarlığı təqdirəlayiqdir.

Qeyd edək ki, “Qazilərlə bir gün” layihəsinin əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qaziləri diqqətdə saxlamaq, qəhrəman qaziləri cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən uğrunda döyüşən insanlara dəstəyini artırmaq, qazilərin iştirakı ilə müxtəlif maraqlı fəaliyyətlər təşkil etməklə onların cəmiyyətə reinteqrasiyasına dəstək olmaqdır.

Bu günədək layihə çərçivəsində təşkilat tərəfindən paytaxt və regionlarda könüllü gənclərin iştirakı ilə qazilərlə görüşlər keçirilib, həmçinin 10 regiondan Vətən müharibəsi qazilərinin Bakıya səfəri təşkil edilib. Növbəti mərhələdə layihənin ölkə üzrə 55 regionda icrası nəzərdə tutulur.

loading...
Diaspora