Azərbaycanın ən dəhşətli silahı... – Ekspert

Azərbaycanın ən dəhşətli silahı... –  Ekspert backend

23 il əvvəl yaranan Xüsusi Təyinatlı Qüvvələrimiz Vətən müharibəsində qələbəmizi təmin edən əsas faktorlardandır.

Bu sözləri XTQ-nin yaranmasının ildönümü ilə bağlı Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, Vətən müharibəsində qazandığımız böyük qələbə artıq bir çox dövlətin hərbi təhsil mərkəzlərində öyrənilir:

“Demək olar ki, 44 günlük müharibədə həyata keçirdiyimiz bütün genişmiqyaslı və vacib döyüş əməliyyatlarında, o cümlədən Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsində, bundan başqa, Qubadlı və Laçının bir çox kəndlərinin düşmən tapdağından qurtarılmasında xüsusi təyinatlılar mühüm rol oynayıblar. Müharibənin ən ağır yükünü Ali Baş Komandan və XTQ çəkdi. Xüsusi təyinatlılar üzərlərinə düşən bütün döyüş tapşırıqlarını unikal bacarıqları sayəsində peşəkarlıqla yerinə yetirdilər və öz fəaliyyətləri ilə əsl döyüşçü obrazını beynimizə, qəlbimizə və tariximizə əbədi həkk etdilər. Xüsusi təyinatlılarımız bizim döyünən ürəyimiz, vuran qolumuz və görən gözümüzdür. Onların həyata keçirdiyi əməliyyatlar, xüsusilə Hadrut və Şuşa əməliyyatı bir çox NATO və Avropa ölkələri tərəfindən dərindən araşdırılır. Müxtəlif beyin mərkəzləri ağır texnika və artilleriya ilə qorunan, qala üzərində dağ yüksəkliyində yerləşən bir şəhərin yalnız atıcı silahlarla silahlanmış bölmələr tərəfindən azad edilməsinin sirlərini öyrənir”.

Ədalət Verdiyev XTQ-nin şəxsi heyətinin Azərbaycanın ən güclü və çəkindirici silahı olduğunu qeyd edib:
“2012-ci ildən etibarən xüsusi təyinatlılarımız bir çox məxfi əməliyyatlar keçirib, lakin bu əməliyyatlar mətbuatda işıqlandırılmayıb. Ancaq 2016-cı il aprel döyüşlərindən sonra XTQ öz döyüş imkanları ilə daha çox diqqəti cəlb etməyə başladı. Həmin dövrdən etibarən aparılan struktur dəyişiklikləri ilə əməliyyat briqadalarına xüsusi təyinatlıların hazırlandığı briqadalar da əlavə olundu. XTQ-nin müharibədəki uğurlarından çox bəhs etmişik, bununla yanaşı, ötən ilin noyabrında Qaragöl ərazisində qazandığımız nailiyyətlərdə də onların rolunu xüsusi qeyd etməliyik. Hazırda XTQ işğalçı Ermənistan ordusunun qorxulu kabusuna çevrilib. Müharibəni araşdıranlar unutmamalıdır ki, Azərbaycanın ən dəhşətli və güclü silahı XTQ-nin şəxsi heyətidir. Azərbaycan xüsusi təyinatlıları ölkəmizin ən sədaqətli, ən güclü çəkindirmə silahıdır. Komandolarımız sayəsində ölkəmiz qalibdir, biz də qalib ölkənin qalib vətəndaşlarıyıq.

XTQ-nin yaranmasının ildönümündə fürsətdən istifadə edib komandan, general-leytenant Hikmət Mirzəyev başda olmaqla bütün şəxsi heyəti ürəkdən təbrik edirəm. Əminəm ki, onlar var olduqca regiondakı heç bir ağlı başında olan dövlət ölkəmizin maraqlarına zidd addım atmaq niyyətinə belə düşməyəcək”.

loading...
Diaspora