“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası paytaxtın Nizami rayonunda keçirilib.
İB-dən Qaziler.az-a bildirilib ki, aksiya zamanı sahibkarların və vətəndaşların təbii qazla bağlı müraciətləri dinlənilib.
Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəcəb Məmmədovun qaz təchizatı ilə bağlı müraciətini cavablandırıb. Şöbə rəisi bunun araşdırılması ilə bağlı tapşırıq verərək, aksiyaya qatılan sahibkarlardan qaz təchizatı ilə bağlı qarşılaşdıqları problemləri rahatlıqla səsləndirmələrini xahiş edib. İctimai-iaşə obyektinin nümayəndəsi Xələf Musayev bəzi hallarda qaz təzyiqi ilə bağlı problemin olduğunu, dəmir çubuqlar istehsalı ilə məşğul olan Elmir Adıgözəlov isə sərfiyyatın son 3 ay müddətində düzgün hesablanmadığını bildirib. Sahibkarlarla yanaşı, sakinlər də aksiyada iştirak ediblər.
Aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi də sahibkara lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildirib. Səsləndirilən bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, bu gün təşkil olunan “Açıq mikrofon” aksiyası sayca ümumilikdə 58-ci, sahibkarlarla isə 32-ci görüşdür.

