Xarici beyin mərkəzlərinin nümayəndələri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar - YENİLƏNİB

Xarici beyin mərkəzlərinin nümayəndələri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar -  YENİLƏNİB backend

Şuşada keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə tanış olublar.

“Report”un müxbiri xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan aparıcı ekspertlər Füzuli rayonunun Əhmədbəyli kəndi ilə Şuşa arasında salınan avtomobil yolunun minalardan təmizlənməsi işi ilə tanış olublar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Qabil Babayev qonaqları ərazidə aparılan işlərin gedişatı ilə bağlı məlumatlandırıb.

Onun sözlərinə görə, ərazi minalarla xeyli çirkləndirilib. Erməni işğalı dövründə yaxınlıqda düşmənin səngərləri yerləşib, səngərlərin ətrafında minalar basdırılıb. ANAMA nümayəndəsi bildirib ki, ərazinin ilk km-lərinin təmizlənməsi zamanı istehkamçılar tərəfindən 9 mina zonası aşkar edilib və zərərsizləşdirilib. Hazırda ərazinin 2-ci kilometrinin təmizlənməsi həyata keçirilir. Burada 5 mina zolağı aşkar edilib.

“Aşkar edilmiş minaların sayı onların nizamsız basdırıldığından xəbər verir. Ermənistan bu ərazinin mina xəritəsini təqdim etsə də, yanlışlıqların çox olması bu xəritələri faydasız edir”, - deyə Qabil Babayev vurğulayıb.

ANAMA nümayəndəsinin sözlərinə görə, minatəmizləmə əllə həyata keçirilir, həmçinin işə xüsusi təlim keçmiş itlər cəlb edilir.

Daha sonra ekspertlər ərazidə aşkar edilmiş minaların və hərbi sursatların nümunələri ilə tanış olmaq, həmçinin onların partlayış üsulu ilə zərərsizləşdirilməsi prosesini müşahidə etmək imkanı əldə ediblər.

10:01

Şuşada keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri əvvəlcə Füzuli Hava Limanı ilə tanış olublar.

“Report” xəbər verir ki, nümayəndə heyətinə hava limanının cəmi səkkiz ay ərzində tikildiyi və ən yüksək beynəlxalq standartlara cavab verdiyi bildirilib, onun fəaliyyəti haqqında məlumat verilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib.

Uzunluğu 3000, eni 60 metr olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda səkkiz təyyarə dayanır. Hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqla təchiz olunub.

Diaspora