Sabah Ümumdünya Əməyin Mühafizəsi Günüdür

Sabah Ümumdünya Əməyin Mühafizəsi Günüdür backend

Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib

İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT)  tərəfindən 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan edilib. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq  mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib.

 

Azərbaycanda layiqli əməyin təminatı, işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarını) və bir protokolunu ratifikasiya edib.

 

Milli qanunvericilikdə əməyin mühafizəsi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar təsbit olunub. Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Məcəlləyə əsasən, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyi göstərilməlidir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Bu istiqamətdə işəgötürənlərlə sosial dialoq müstəvisində işlər aparılır. İşəgötürənlərin və işçilərin iştirakı ilə ardıcıl maarifləndirmə tədbirləri təşkil olunur. Eləcə də vətəndaş müraciətləri obyektiv şəkildə araşdırılır, aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün tədbirlər görülür, əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verilir.

 

Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işləri davam edir. Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə həmçinin, əməyin mühafizəsi üzrə standart norma və qaydaların müəssisələrdə tətbiqinə dəstək verəcək.

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzdində 2020-ci ildə təsis edilən Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə isə əmək və peşə sahəsində beynəlxalq tələblərə cavab verən milli standartların hazırlanması işlərini aparır. Artıq Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyən edən milli standart hazırlanıb və AZE İSO 45001 indeksi ilə qəbul edilib.

 

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində işçi hüquqlarının təminatına ciddi nəzarət olunur. İki il əvvəl Nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemi ilə İcbari Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron informasiya sistemi arasında inteqrasiya təmin edilib və bu sahədə qanunverciliyə əməl olunmasına elektron sistem üzərindən nəzarət gücləndirilib.

 

Yaxın günlərdə istifadəyə veriləcək Nazirliyin “Əmək və Məşğulluq” altsistemi  işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması olacaq və rəqəmsal kadr uçotunun qurulmasını təmin edəcək. Yeni e-platforma əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinə riayət olunması və s. məsələlərdə də öz dəstəyini göstərəcək.

loading...
Diaspora