“Bu, böyük bir məbləğ deyil axı... Söhbət 5-10 min manatdan getmir ki, onu başqasına versən, gələcəkdə ev almaq imkanından məhrum olarsan...”
Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. “Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir” –fətvada belə deyilir.
Bəs görəsən, şəxsi evləri olmayan, kirayədə, yaxud yataqxanada yaşayan, amma yemək-içməyini normal şəkildə təmin edə bilən ailələr Ramazan bayramı ərəfəsində fitrə zəkatı verməlidirlərmi?..
Moderator.az-ın bu sualına cavabında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev bunları söyləyib:
“Bəli, əlbəttə. Bir şəxs evsiz olsa, kirayədə, yataqxanada qalsa da, fitrə zəkatı verməyə imkanı çatırsa, bunu verməlidir. Bu, böyük bir məbləğ deyil axı... Söhbət 5-10 min manatdan getmir ki, onu başqasına versən, gələcəkdə ev almaq imkanından məhrum olarsan. Məsələn, ailədə 3 nəfər adam varsa, adambaşı 10 manatdan verilsə, cəmi 30 manat edir. Bunu da ildə bir dəfə vermək ayda 500-600 manat maaş alan insan üçün böyük məbləğ deyil. Əvəzində 30 manat verib bir yoxsulu, bir yetimi sevindirə bilər. Onun süfrəsində bayram günü bir ət xörəyi olar, yaxud o, övladına bir paltar, bir ayaqqabı alar...Yəni bu minvalla həmin evsiz şəxs də Ramazanın bu böyük savabını qazanmaqdan məhrum olmaz...”