Azərbaycan nümayəndə heyəti Dünya Konqresində - FOTO

Azərbaycan nümayəndə heyəti Dünya Konqresində -  FOTO backend

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES tərəfindən Dünya Konqresi keçirilir.

“Davamlı dəyişən əmək bazarında məşğulluq xidmətlərinin problemləri və innovativ yanaşmalar” mövzusunda keçirilən konqresdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti təmsil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az-a bildirilib ki, hər 3 ildən bir fərqli üzv ölkədə keçirilən konqresdə WAPES-in növbəti 3 il üçün idarə heyəti üzvləri, regionlar üzrə vitse-prezidentlər və prezident müəyyənləşdiriləcək.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyətinin “Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi” mövzusunda üzv ölkələr üçün təqdimatı nəzərdə tutulub.

Konqres çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və Estoniyanın İşsizlikdən Sığorta Fondunun direktoru Milis Paavel iki qurum arasında 2022-ci il üçün Fəaliyyət Planını imzalayıblar. Fəaliyyət Planı peşəyönümü və özünüməşğulluq mövzuları üzrə informasiya mübadiləsini, əməkdaşlığı və ortaq vörkşopların təşkilini əhatə edir.

Konqresin ilk günündə M.Abbasbəyli ilə Türkiyə İş Qurumunun direktoru Oğuz Kağan Güldoğan arasında keçirilən görüşdə iki qardaş ölkənin məşğulluq sahəsində gələcək birgə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

loading...
Diaspora