Paşayeva Dövlət Xidmətini sərt tənqid etdi

Paşayeva Dövlət Xidmətini sərt tənqid etdi backend

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın nəticəliliyinin qiymətləndirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsi olduqca narahatlıq yaradır. Biz bu nəticələri müzakirə etdik. Hesab edirik ki, bu, qurumun fəaliyyətində əsaslı dönüş üçün xəbərdarlıq olmalıdır.

Qaziler.az xəbər verir ki, bu sözləri Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsində çıxış edərkən deyib.

“Abidələrlə bağlı proqram başa çatıb, vəsait xərclənib; məlum olub ki, Xidmət tərəfindən aparılan monitorinq tədbirləri zamanı abidələrin bir hissəsində bərpa işlərinə ehtiyac olduğu müəyyən edilib. Orta hesabla hər il 134 abidədə bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manat səviyyəsində ayrılan vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Giləhli məscidinin bərpasını əhatə edib.

Bu Xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var. Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı.

Digər məsələ ondan ibarətdir ki, Proqram qurtarıb, amma Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı 2012-ci ildən başlayan bu iş başa çatdırılmayıb. 2021-ci ildə 4528 abidədən 8,1%-i pasportlaşdırılıb.

140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təşkil edilib.

Bu, ciddi çağırışdır. Dövlətin ayırdığı vəsaiti çox səmərəli xərcləmək, işlərə nəzarəti ciddi etmək lazımdır. Hesablama Palatasını bu məsələyə nəzarətə çağırırıq. Bizim önümüzdə Heydər Əliyev Fondunun və Mehriban xanımın gördüyü böyük işlər var. Bu işlər dövlət qurumlarına nümunə olmalıdır ki, bu sahədə əsaslı dönüş yaratsınlar”, - millət vəkili qeyd edib.

Diaspora