“Azərbaycanda keçiriləcək parlament seçkilərini hər kəs internet üzərindən izləyə bilər”. İKT.lent.az-ın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, Azərbaycanda internetin azad olması və hər kəs üçün əlçatımlılığı seçki prosesinin izlənməsində hamı üçün eyni şəraiti yaradır. O bildirib ki, ölkənin internet infrastrukturunun inkişafı seçki prosesinin bütün dünyaya yubanmadan, donmadan və qırılmalar olmadan göstərilməsinə imkan verir: “İnternet üzərindən dünyanın istənilən nöqtəsindən məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.M. Pənahovun sözlərinə görə, seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb: “Bu kameralarla qeydə alınanlar internet üzərinə ötürülür. Ölkədə internetin keyfiyyəti və sürəti imkan verir ki, hər kəs öz evində əyləşməklə seçki prosesini rahat şəkildə izləyə bilsin”.