“Başqa həyat” işıq üzü gördü

“Başqa həyat” işıq üzü gördü backend

Bu günlərdə “Qanun” nəşriyyatında yazıçı-jurnalist Adil ZAMAN-ın “Başqa həyat” adlı kitabı işıq üzü görüb.

Bu kitaba daxil edilmiş “Başqa həyat” romanı “Üçotaqlı mənzil” pyesi­nin məntiqi davamıdır. Pyes və roman Azərbay­can yenidən müstəqillik qazandığı vaxtdan keçən son 30 ildə respublikada baş verən hadisələri əhatə edir. Hər iki əsərdə əsas mövzu Qarabağ münaqişəsidir. Müəllif özünəməxsus şəkildə göstərir ki, hər bir münaqişənin həllində kompromisdən əlavə üçüncü variant da ola bilər. Həmin məqbul variant Qarabağ münaqişəsinin həlli üçün də tapılmalıdır və müəllif  Larisa obrazının timsalında bunu qabarıq verməyə çalışmışdır. Oxuculara təlqin olunur ki, obrazlı şəkildə “Bitişik otağın pəncərəsi” adlanan bu metod Qarabağ probleminin dinc yolla və birdəfəlik həlli üçün də uğurla tətbiq oluna bilər.

Əsərdə şiddətli döyüş səhnələri də var, tanklar, toplar, dronlar da düşməni lərzəyə salır, amma müəllif bütün bunlardan zəruri fon kimi ustalıqla istifadə edərək, bu müharibədə iki millətin lokal savaşını yox, insan faciəsini göstərmişdir. Daim can atdığı yalansız cəmiyyət qurmağın başlıca yolunu prokuror nəzarətini gücləndirməkdə görən Şahinin arzu və xəyallarının boşa çıxması və özünü öldürmə həddinə çatdırılması, Səməd kişinin nəvə həsrəti ilə dünyadan köçməsi,  1992-ci il­də 28 yaşında Rusiyanın Volqoqrad vilayətində zavod direkto­ru vəzifəsində işlə­yən, yaxşı evi, gözəl şəraiti, həm işçilərin, həm də şəhər rəhbərliyinin yanında böyük hörməti olan, yazda Zaqataladakı istəklisinə elçi göndərib, tezliklə toy etmək fikrilə yaşayan Muradın Xocalı faciəsindən dərhal sonra Azərbaycana qayıdıb igidliklə vuruşması və döyüşdə aldığı yaralardan sonra yataq xəstəsinə çevrilməsi, gənc yaşlarında əlil arabası ilə hərəkət etməyə məcbur olan Fəridin Avropada vəkillik etmək arzusunun xeyli çətinləşməsi, eyni zamanda ermənilərin Xankəndidəki gözəl ev-eşiyini dəyər-dəyməzinə satıb, uzun müddət yaşadıqları ye­ri təəssüflə tərk etmələri,  getdikləri ölkələrdə onları nə gözlədiyini dumanlı təsəv­vür edənlərin Yerevanın “Zvartnots” aeroportunda artan növbələri, Qarabağa heç bir dəxli olmayan minlərlə erməni gəncin ata-anasının övladlarının öldü-qaldısın­dan belə xəbər tuta bilməməsi və çarəsiz halda əlaqədar dövlət idarələrində vurnuxması...  Bütün bunlar o qədər inandırıcı təsvir olunmuşdur ki, milliyyətindən asılı olmayaraq, oxucuların hər biri bu münaqişəni başlayanları və qızışdıranları nifrətlə lənətləyir.

Ermənistan və Azərbaycan dövlətləri özlərində güc tapıb, Rusiyanın hərbi və siyasi asılılığından xilas olmalı, onların liderləri isə vasitəçilərsiz-filansız Bakıda və Yerevanda danışıqlar masası arxasında əyləşib, bütün mövcud problemləri birdəfəlik həll etməlidirlər. O zaman aydın olacaq ki, taleyin hökmü ilə bu ərazidə yaşamağa məhkum edilən və vaxtilə oxşar xristian dəyərlərini bölüşən bu iki xalq arasında həm o, həm də bu tərəfdən yeri gəldi-gəlmədi qabardılan antaqonist ziddiyyətlər yoxdur və onlar mehriban qonşuluq şəraitində yaşamağa qadirdirlər. Uzun illər bir-birilə qanlı müharibələr aparmış almanlar və fransızlar olub-keçənləri unudub, bütün sahələrdə işgüzar əlaqələr qurmağı bacarmışlarsa, onlardan heç də az mədəni millət olmayan ermənilər və azərbaycanlılar da bu təcrübədən yararlanaraq, gələcəyə doğru birgə addımlaya bilərlər. Kitaba daxil edilmiş əsərlərin əsas qayəsi də məhz budur.

 

Qara Qasımbəyli

 

P.S. Bu kitabı elektron formada pulsuz əldə etmək istəyənlər aşağıdakı WhatsApp və ya Telegram nömrəsinə yaza bilərlər:

+994 50 371 17 54

Diaspora