“Son seçkilər idarə və aşağı seçki komissiyalarının fəaliyyətlərini yüksək səviyyədə qurduğunu göstərir”. APA TV-nin məlumatına görə, bu fikirləri bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları il iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.
“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların həyat şəraiti yaxşılaşıb və insanlar bu şəraiti, uğurları itirmək istəmirlər. Sabah daha yaxşı olmalıdır və insanlar bunun üçün səs verirlər. Bizim də məqsədimiz odur ki, səsvermədə qanun pozuntusuna yol verilməməsini təmin edək. Prezidentin tələbi odur ki, seçkilərdə şəffaflıq təmin olunsun”.Z. Nağdəliyev seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalı olduğunu qeyd edib, seçki siyahılarının dəqiqləşməsi sahəsində böyük iş görüldüyünü vurğulayıb.
“Dairənin hər birində təbliğat və təşviqat üçün açıq və qapalı yerlər var. Olmayan dairələrdə də təbliğat və təşviqat üçün belə yerlər ayrılacaq. Bizim seçici siyahıları bir çox ölkə üçün nümunədir. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait yaradılır. Seçki siyahılarının dəqiqləşməsi sahəsində iş hər gün davam etməli, mütləq seçici siyahıları ideal olmalıdır. Mən seçki məntəqələrində veb kameraların quraşdırılmasını da xüsusi qeyd etmək istəyirəm. Veb kameralar seçkilərin şəffaf keçirildiyini göstərmək üçündür”.
O, seçkilərin yüksək səviyyədə keçməsi üçün dairə və məntəqə seçki komissiyaları üçün ideal şərait yaradılmasına çalışıldığını vurğulayıb.
Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmalıdır deyən MSK sədri Məzahir Pənahov bildirb ki, Azərbaycanda bu sahədə heç bir problem yoxdur.
M. Pənahov seçkilərin keçirilməsi üçün ilkin şərtin seçki qanunvericiliyi olduğunu və Seçki Məcəlləsinin qəbul edildiyini bildirib:
“Azərbaycan seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaradılır. Eyni zamanda seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb, internet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə qeyd edib ki, parlament seçkilərində Azərbaycan nümunə göstərməlidir:
“Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın”.
Ədliyyə nazirinin müavini Azər Cəfərov seçki qanunvericiliyindən, seçki dövründə seçki komissiyaları tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməli olan sənədlərdən, toplanan imzaların ekspertizasından danışıb. O, istintaq təcridxanalarında, həbsxanalarda cəza çəkən şəxslərin seçki hüququ məsələsinə də toxunub: “1995-ci ildən penitensiar müəssisələrdə seçkinin təşkili üçün dairə və məntəqə seçki komissiyaları ilə sıx əməkdaşlıq edilir. Seçki günü növbədə olan penitensiar xidmət əməkdaşları da orada səs verə bilərlər. Bundan öncəki parlament seçkilərində penitensiar müəssisələrdə səsvermə hüququ olanların 99 faizi səs verib, seçkilər yüksək səviyyədə keçirilib”.
A. Cəfərov nəzərə çatdırıb ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi 10, ondan sonra keçirilən seçkilərlə bağlı isə 1 qərar qəbul edib.