Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” nə həsr veloyürüş həyata keçirilmişdir. Yürüşün məqsədi qoruq ərazisində yerləşən, tarixi daş dövründən başlayaraq son orta əsrlərə qədər olan tarix-memarlıq abidələrinin daha geniş tanıdılması, yeni çəkilən magistral yolun kənarında yerləşən çoxlu sayda kurqanların qorunması məqsədi ilə , Soyuqbulaq qəsəbəsindən başlayaraq qoruğa məxsus informasiya mərkəzinə qədər Ağstafa rayon könüllülərinin iştirakı ilə həyata keçirilmişdir. Yürüşdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayon idarə və təşkilatların rəhbərləri, alimlər, ziyalılar, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazilər iştirak etmişdir.
Qaziler.az bildirir ki, tədbir qonaqların və iştirakçıların Soyuqbulaq qəsəbəsində - yeni çəkilən asfalt yolun 38 km-də “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən inşa edilmiş məlumat lövhəsinin önündə qarşılanması ilə başlanmışdır. Sonra yürüşə qara zurnada ifa olunan Azərbaycan musiqisi “Cəngi” sədaları altında start verilmişdir. Yürüşdən sonra bələdçilər tərəfindən Ceyrançuxur, Sarıyoxuş 1 və 2 saylı kurqanları, Qaltan və Karvan dərəsi, Hasarlı yaşayış düşərgəsi haqqında iştirakçılara geniş məlumat verilmişdir. Bələdçilər bildirmişlər ki, Keşikçidağ mağaralar kompleksinin ərazisində ilkin yaşayışın izləri daş dövrünə təsadüf edir, burdakı kurqanların yaşı isə son tunc-erkən dəmir dövrünə təsadüf edir.
Daha sonra isə yürüşün ikinci hissəsinə start verilmiş və yürüş qoruğa məxsus informasiya mərkəzinin önündə başa çatmışdır.
Qoruğa məxsus informasiya mərkəzinin önündə tədbirin rəsmi hissəsi başlanmış, qoruğun direktoru Musa Mursaquliyev qonaqları salamlamışdır. Daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Ruslan Ənvərli, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, 15 ildən çox qoruq ərazisində elmi tədqiqatlar aparmış, hazırda fəaliyyətini bölgəmizdə davam etdirən, BDU-nun dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, BDU-nun dosenti, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, əməkdar mədəniyyət işçisi Hüseyn Hüseynov və 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş qazilərimiz çıxış edərək Keşikçidağ mağaralar kompleksi və yürüş barədə öz təsürratlarını bölüşmüşlər. Tədbirin bədii hissəsində isə milli geyimli rəqqasların ifasında qədim rəqslərimiz və gənc idmançıların karate idman növü üzrə bacarıqları nümayiş olunmuşdur. Yürüş iştirakçıları kəklikotulu samovar çayına və milli mətbəximizin ləziz təamlarından olan göy qutabına qonaq edilmiş, çay fasiləsi zamanı aşıqların ifasında vətənpərvərlik ruhunda saz havaları səsləndirilmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.


