“Allahverdi Bağırov dedi ki, əsirlikdən azad edilən qadınları danışdırmayın...”

“Allahverdi Bağırov dedi ki, əsirlikdən azad edilən qadınları danışdırmayın...” backend

“Allahverdi Bağırov haqqında nə qədər danışsam, azdır. O, Xocalıda bir çox əsirləri, həmçinin məni də erməni əsirliyindən azad edib. Həmişə demişəm ki, Allahverdi Bağırovun sayəsində yaşayıram. Ağdam azad olunandan sonra Allahverdi müəllimin məzarını ziyarət etmək üçün ora gedib, ruhundan halallıq istədim”

Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi xanım Dürdanə Ağayeva deyib. O, Milli Qəhrəman Allahverdi Bağırovun Xocalıdan olan qadınları erməni əsirliyindən azad etməsindən danışıb:

“Allahverdi Bağırov o qədər zəhimli insan olub ki, Xocalı faciəsi zamanı ermənilərə əmr edib ki, əsir düşən qadınları azad edin. Fevralın 26-dan 27-nə keçən gecə əlli nəfərdən çox qadını azad edib. O, Vitali Balsanyanla uşaqlıq dostu idi, hətta Balasanyan mənə dedi ki, səni azad etməzdim, ancaq Bağırova söz vermişəm. Mən onu üzdən görmüşəm və o kişinin üzünün zəhmi onun kişiliyini sübut edirdi. Böyük insan, komandir idi. Onun əməyi Ağdamda böyük olub, amma xocalıların üstündə daha çox olub. Min yüz yetmiş beş nəfər Xocalı sakinini əsirlikdən azad edib. 

 

O vaxt ermənilər əsirlərin müqabilində benzin, siqaret tələb edirdi. Amma Allahverdi Bağırov heç vaxt ermənilərin tələb etdiklərini anamdan istəməyib ki, məni azad etsin. Özü Ağdam camaatından ermənilərin istədiklərini yığıb verib ki, bizləri azad etsin. O çox böyük ürəyə sahib olub. 

 

Mən hansı xarici dövlətə gedirəmsə, deyirəm Allahverdi Bağırov bizi azad edib. O, əsl Azərbaycan kişisiydi ki, o qədər qadın və uşaqları əsirlikdən çıxardı. Hətta biz əsirlikdən azad ediləndə hərbçilərə dedi ki, qadınlarımızdan heç nə soruşmayın, onları danışdırmayın. Mənim əmim Haqverdi Allahverdi müəllimin sürücüsü idi. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun. Ömrümün sonuna qədər özümü ona borclu sayıram. Onun haqqında ölənə qədər danışacam. Məni səkkiz gün erməni zindanında qalandan sonra azad etdi. Əslində ermənilər məni vermək istəmirdilər, İrəvana aparmaq istəyirdilər. Deyirdilər ki, bu hərbçi rabitəçidir. Amma o kişi məni ölüm caynağından xilas etdi. Ali Baş Komandanımız da sağ olsun ki, hər oğulun xidmətini özünə görə dəyərləndirir. Allahverdi Bağırova da Milli Qəhrəman adı verildi. İnanıram ki, Ağdamda küçələrdən biri onun adına veriləcək”.

Qeyd edək ki, bu gün Milli Qəhrəman Allahverdi Bağırovun ad günüdür. O, 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. 

Diaspora