Avqustun 21-də Milli Kitabxanada ALİSA proqramının test rejimi ilə işləyən Səbail, Nərimanov və Xətai rayon MKS-ləri üçün monitorinq keçirilib. Monitorinqdə Milli Kitabxananın direktoru Kərim Tahirov, direktor müavini Elçin Musayev, kitabxananın digər əməkdaşları, ULTRA şirkətinin işçisi Sərxan Məmmədov və MKS-lərdən bu proqramla işləyən mütəxəssislər iştirak ediblər.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, K.Tahirov ALİSA proqramının üstünlüklərindən danışıb.
Monitorinq zamanı məlum olub ki, proqramın ilkin variantında mövcud olan nöqsanlar tam aradan qaldırılıb. Bu gün köhnə bazada olan materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçirilir. Avqustun 24-dən isə bütün kitabxanalar ALİSA proqramının tam, təkmilləşdirilmiş yeni variantı ilə işləyəcək.
Diqqətə çatdırılıb ki, artıq bu gün respublikanın bütün şəhər və rayon MKS-lərinin 50 faizdən çoxu yeni proqram və yeni format üzrə treninqlərdən keçirilib. Məhz bu səbəbdən də sentyabrın 10-dan başlayaraq bütün MKS-lərdə ALİSA proqramı tətbiq olunacaq.