ATU-nun şəhid məzunlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub

ATU-nun şəhid məzunlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub backend

Professor Gəray Gəraybəyli: Azərbaycan Tibb Universitetinin 18 şəhidinin adları burada əbədi həkk edilib

Bu gün Azərbaycan Tibb Universitetində şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Tədbiri ATU-nun Hərbi tibb fakültəsinin rəisinin baş köməkçisi, mayor Yaqub Qasımov açaraq mərasim iştirakçılarını salamlayıb.

Universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi, hamımızın qürur mənbəyi kimi dəyərləndirib: “Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya öz gücünü və mübarizliyini göstərdi. Həmin günlərdə prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, həm də diplomatik cəbhədə olduqca uğurlu fəaliyyət nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi.
44 gündə Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri təkcə tanklarla, toplarla deyil, həm də ağılla və sarsılmaz inamla qazanmaq olar”.

Döyüşlərin iki cəbhədə getdiyini xatırladan rektor, həm düşmənlə üz-üzə aparılan ön cəbhədəki, həm də yaralıların həyatını xilas etmək uğrunda həkimlərin apardığı döyüşlərdən söhbət açıb. Həkimlərimizin bu müharibənin hər iki cəbhəsində qalib olmağı bacardıqlarını qürur hissi ilə yada salıb: “Təəssüf ki, itkilərimiz də az olmadı. Azərbaycanın 3 minə yaxın igid oğlu torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbçimiz yaralandı. Tibb işçilərindən 159 nəfər yaralandı, 42 nəfər isə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi idi. Vətən müharibəsində hərbi tibb personalı öz vəzifə borcunu layiqincə yerinə yetirdi”.

Professor G.Gəraybəyli döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyətinin ATU-nun yetirmələri olduğunu vurğulayıb: “Bu gün universitetimizin şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün hazırladığımız bu abidənin yenidənqurma işlərindən sonra açılışına toplaşmışıq. Azərbaycan Tibb Universitetinin 18 şəhidinin adları burada əbədi həkk olunub.

İllər ötəcək, nəsillər dəyişəcək, amma Azərbaycan xalqı heç zaman öz qəhrəmanlarını unutmayacaq! Bu abidə də universitetimizin çoxminli müəllim-tələbə heyətinə şəhid məzunlarımızı hər gün xatırladacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu nəcib addıma görə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə və universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Üzərində qəhrəman övladlarımızın adları həkk olunmuş bu abidənin universitet tələbələri, professor-müəllim heyəti üçün müqəddəs ziyarətgah yeri olacağını vurğulayıb. “Şəhidlər ölmür, onların müqəddəs ruhu yaşayır” – deyən icra başçısı bütün şəhid ailələrinin qürurla, başıdik gəzmək haqqı olduğunu bildirib: “Biz bu gün həm də ona görə qürurluyuq ki, artıq bu abidənin önündə qəhrəman xalq olduğumuzu düşünürük. Bir müddət əvvələdək torpaqlarımızın 20 faizini erməni terrorçuları işğal etdiyindən, belə abidələrin qarşısında nisgilli idik. Eyni zamanda ulu öndərimiz Heydər Əliyevin işğal altında qalan torpaqlarımızın azad olacağı barədə dəfələrlə verdiyi bəyanatları eşidirdik. Ali Baş Komadanımız, böyük sərkərdəmiz İlham Əliyev beynəlxalq tribunalardan Qarabağa qayıdacağımızı bütün dünyaya çatdırırdı. Nəhayət, xalqımız prezidentin və ordunun ətrafında birləşərək böyük qələbə qazandı. Bu gün o müqəddəs torpaqlarımızda azan səsini, dövlət himnimizi eşitmək, üçrəngli bayrağımızı dalğalandırmaq böyük fəxarətdir”.

Abidənin açılış mərasimində çıxış edən kapitan Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadə də öz ailəsi və bütün şəhid ailələri adından şəhid həkimlərin xatirəsini əbədiləşdirdiyi üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü çatdırıb. O, Azərbaycanın 44 günlük müharibəni şəhidlərimizin canı bahasına şanlı zəfərlə başa vurduğunu deyib: “Bizim qəhrəman həkimlərimiz də bir əlində yardım çantası, bir əlində silahla vuruşdular. Bu gün onların yoxluğu ilə barışmaq çətindir, ancaq xalqımızın şəhidlərə verdiyi dəyəri görmək biz şəhid ailələrinə böyük təsəllidir. Şəhidlərimizin milli ruhda tərbiyə olunmasında təbii ki, buradakı müəllimlərin də rolu böyükdür. Mən onlara da bu çətin və şərəfli yolda uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da gənclərimizi məhz vətənpərvər ruhda tərbiyə edəcək, qəhrəman şəhidlərimizi onlara tanıdacaqlar. Bütün şəhidlərimizin ruhu şad olsun”.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, şəhid aillələrinin üzvləri iştirak ediblər. Şəhid məzunların adları həkk olunmuş abidənin önünə tər güllər düzülüb.

loading...
Diaspora