Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, onlar effektiv təsirə malik fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.
Həmin dövrdə Agentlik əlilliyi olan şəxsləri 13,1 min reabilitasiya vasitəsi ilə də təmin edib.
Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı sahəsində 2020-ci ilin dekabr ayından başlanan işlər cari ilin ilk rübündə də davam edib. Ümumilikdə həmin vaxtdan 270 nəfər müharibə əlili (o cümlədən 44 günlük Vətən müharibəsində yaralanmış 200-dək hərbçi) 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.
Bu ilin ilk rübündə əlilliyi olan şəxslərə arzu etdikləri tarixdə reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata alınmaq imkanı - “Elektron rezervasiya” sistemi yaradılıb. Artıq 3,8 minə yaxın şəxs bu sistemdən faydalanıb.