Avqustun 17-dən 18-nə keçən gecə saat iki radələrində Bakının Abşeron rayonunda yerləşən Sulutəpə qəsəbəsində (At yalı deyilən ərazidə) yaşayan şəhid Elşən Abbasquliyevin ailəsinə qarşı kütləvi zorakılıq hadisəsi baş verib. Şəhidin anası 65 yaşlı İsmət Abbasquliyevanı döyüblər. Şəhidin 2-ci qrup əlil olan bacısı Rima Tarverdiyevanın şikəst ayağına güclü xəsarət yetiriblər. Şəhid bacısını o qədər döyüblər ki, o, xeyli qan itirib. Şəhidin qardaşı Rasim Abbasquliyevi isə döyüb başını, üzünü partladıblar. Şəhid bacısı 2-ci qrup əlil Rima Tarverdiyevanın oğlu Sahib Tarverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək böyrünü deşiblər.
Bu barədə Qaziler.az saytına şəhid bacısı, Qarabağ əlili Nərminə Abbasquliyeva məlumat verib. Onun sözlərinə görə, onlara qarşı bu cinayəti törədən qardaşıgilin qonşusu Yaqub adlı şəxs olduğunu bildirir (soyadını bilmir).“Mənim qardaşım Rasim Abbasquliyev Sulutəpə qəsəbəsində 10 ildən çoxdur ki, ev tikib yaşayır. Orada bizim həyətyanı torpaq sahəmiz var. Həmin torpaq sahəsini 1988-ci ildə bizə Meşə Sənayesi Nazirliyinin Mebel Kombinatından sərəncamla veriblər. Orada atamgilin evi vardı. Qardaşım 5 uşağı və ailəsi ilə orada yaşayır. Qardaşlarımdan biri şəhiddir, digəri münaqişə əlilidir. Həmin bu qardaşım Rasim Abbasquliyev vaxtilə sovet ordusu sıralarında xidmət edərkən erməni həkim 40 azərbaycanlı əsgərə karbid verərək onları zəhərləmişdi. Ölüb-ölümdən dönmüşdülər. O vaxtdan dövlət həmin 40 əsgərə əlillik verib. Rasim onlardan biridir.
Yaqub adlı qonşumuz bizim hasarı uçurub özləri üçün ev tikiblər, bu zaman onlar 7 metr bizim həyətimizə giriblər. Biz isə, heç olmasa həmin yerdən indi hasar çəkilməsini istəyirik, amma bunlar imkan vermir. Münaqişə də bu səbəbdən baş verib.
Bu il avqustun 17-dən 18-nə keçən gecə Rasimin ad günü idi. Anam, şikəst bacım, onun oğlu, qızı və mən getdik ad günü keçirməyə. Bir az qardaşımın həyət-bacasına əl gəzdirib yığışdırdıq. Axşam ad gününü keçirib deyə-gülə evə döndük. Bacım Rima, onun oğlu, qızı və anam qardaşımgildə qaldılar.
Gecə evdə yatıbmışlar. Anam eşidib ki, yüksək səslə söyüş söyürlər. Ən pis ana-bacı söyüşü eşidən anam düşüb aşağı. Görüb ki, 6-7 ildir ora köçən qonşu bizi söyür. Nə baş verdiyini soruşmağa macal tapmamış həyətin sökülmüş hasarından həyətə doluşmuş qonşu və onun gətirdiyi adamlar cumublar anamın üstünə.
Həyətdə 30 nəfər adam varmış. Səs-küyə çıxan şikəst bacım kütləvi şəkildə anamızı döydüklərini görüb ona tərəf qaçmaq istəyib ki, anama kömək etsin. Bacım çəliksiz gəzə bilmədiyi üçün ağzı üstə yerə yıxılıb. Onlar bu dəfə bacımın üstünə tökülüşüb vurmağa başlayıblar. O qədər vurublar ki, bacımın şikəst ayağını, belini əziblər. Bacım çoxlu qan itirib. Qardaşımı isə qolunu sındırıb, başını və üzünü partladıblar.
Mən evimə təzə çatmışdım. Həmin döyülən qardaşımın 9-10-12 yaşlarında qızları var. Gördüm mənə zəng edirlər ki, bibi, atanı, bibini və nənəni öldürdülər, gəl. Nə baş verdiyini soruşanda hadisəni danışdılar. Hücumçular artıq evə çıxıb qızlara da təcavüz etmək fikrində olublar. Biri o birinə deyəndə uşaqlar eşidib. Mən tez 102-yə, Təcili Yardıma və sahə müvəkkilinə zəng vurdum. Hadisə gecə saat 2- də baş verib. Mən ora saat 3-də gəlmişəm. Polisə zəng vursam da, onlar saat 4-də hadisə yerinə çatdılar. Mən Mehdiabaddan Sulutəpəyə gəlib çatanda polis və Təcili Yardım mənimlə bərabər gəldi. Polisi görüb hücum edənlər qaçdılar. Xəsarət alan anamı, bacı-qardaşımı Təcili Yardım maşınına mindirib Semaşkoya apardım. Həkimlər baxmaq istəmirdilər. Heç kim yaxın gəlmirdi. Xəstəxanada səs-küy salandan sonra həkimlər xəstələrə yaxın gəlib. Çox soyuq münasibət gördüm bizim həkimlərdən. Təsəvvür edin ki, qardaşımın partlamış yarasına “zelyonka” vurub soyuq kompres edib işlərini bitmiş saydılar”.
Qarabağ döyüşçüsü N.Abbasquliyevanın dediyinə görə, onun qardaşı Rasim Abbasquliyevi həmin adamlar dəfələrlə döyüblər. Yaqub adlı şəxs həyat yoldaşı Raya ilə birlikdə dəfələrlə şəhid ailəsinin üzərinə hücum təşkil edib. Hazırda baş verən hadisə ilə bağlı Abşeron polis idarəsində cinayət işi açılsa da, hücum edən tərəf öz evində rahat oturub. Döyülən şəhid ailəsi tibbi-ekspertdən keçib. İş təhqiqatdadır.
N.Abbasquliyeva həkimlərin və polisin şəhid ailəsinin işinə laqeyd yanaşmasından narahat olduğunu bildirir. Yaqub adlı qonşunun istənilən an yenidən onlara hücum edəcəyindən ehtiyat edən döyüşçü xanım uşaqların güclü stress yaşadıqlarını, psixoloji travma aldıqlarını bildirir.
“Mən dövlətin bu qədər vəsait ayırdığı xəstəxana və polislərdən şəhid ailəsinə belə münasibət göstərəcəyini gözləmirdim. Polisin və həkimlərin işini mən görürdüm. Belə olarmı? Xəsarətlərin fotosunu, videosunu mən çəkib polisə təqdim edirəm.” - deyir şəhid bacısı.






Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
QZİLER.AZ