Azərbaycanda istilik təchizatı dayandırıldı

Azərbaycanda istilik təchizatı dayandırıldı backend

Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda abunəçilərin istilik təchizatını dayandırıb.

Beləliklə 2021-2022-ci illər üzrə payız-qış istilik mövsümü başa çatıb.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlayır və növbəti ilin aprelin 15-dək davam edir.

Mövsüm ərzində səhmdar cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilib.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1 190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1 810 m2 izolyasiya örtüyü və 925 m2 kərpic örtüyü təmir olunub. İstilik şəbəkələrində 22 779 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12 916 ədədi əsaslı və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili istilik xətlərində 16 732 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 018 m2 dam örtüyü təmir edilib. Bundan başqa 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilib.

Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.

loading...
Diaspora