Ermənistan revanşdan söz açacaqsa cəhənəmədək yolları açıqdır - Qənirə Paşayeva

Ermənistan revanşdan söz açacaqsa cəhənəmədək yolları açıqdır -  Qənirə Paşayeva backend

Prezident İlham Əliyevin aprelin 12-də cari ilin birinci rübünün yekunları ilə bağlı keçirilmiş müşavirədəki nitqi, haqlı olaraq mediamızın gündəmində baş mövzuya çevrilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkə həyatının bütün istiqamətləri, əməli fəaliyyət sahələrinin hər biri üzrə mövcud durumu, qarşıda duran vəzifələri zərgər dəqiqliyi ilə ifadə etməklə, əslində, respublikamızın daxili və xarici siyasətdə, iqtisadi-ticari və s. münasibətlərdə yeni çağırışlara necə hazırlandığını, yeni dünya düzənindəki layiqli yerini, rolunu bildirmiş oldu. Burada ilk sırada, 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərlə yaratdığımız yeni reallıqlar, müharibədən ötən ilk il və bu ilin ilk üç ayı içində görülmüş işlər əsas alınaraq, müharibəöncəsi və qarşı dönəmdəki fəaliyyətin mahiyyəti açılmış oldu.

Müharibəsonrası ilk ilimiz – 2021-ci il Azərbaycan Respublikasında “Nizami İli”ydi. – Əcdadımızın müharibə mədəniyyəti ilə müasir elektron hərbin üzvi vəhdətini yaratmış şanlı Ordumuz 44 gün içində dünya hərb tarixinə yeni altun səhifələr yazdıqdan sonrakı ilk təqvim ilində, bu dəfə inşaatçılar ordumuz hərəkətə keçdi. Onlar Nizami İlində mülki nizamla azadlıqdan abadlığa (işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə!) keçid üçün fövqəladə işlər gördü. Torpaqlarımıza az qala Ermənistan silahlı qüvvələrinin bütün dövrlərdəki çağışçılarının (bütün mənsublarının) sayından da artıq mina basdırmış ermənilərin bu vandal mirası hələ də təmizlənməkdədir. Yəni, dövlətimizin, ordumuzun və mülki ordumuzun işləri dastanlara mövzu olacaq miqyasdadır. Biz faktiki olaraq, mümkünsüzləri mümkün etmişik və etməkdəyik! Ermənistan, dünya erməniliyi və havadarları 30 illik işğala, Qarabağda möhkəmlənmiş Ermənistan silahlı qüvvələrinə, beynəlxalq erməni dəstəkçilərinin qurduğu siyasi, ideoloji torlara baxmayaraq, ildırımsürətli əks hücumla xarüqələr yarada biləcəyimizi hesablamamışdı. Onu da hesablamamışdılar ki, müharibəsonrasında, görünməmiş sürət və keyfiyyətlə yollar çəkə biləcəyik. Sovetlərin 70 ildə çəkmədiyi yolları, tikmədiyi stansiyaları 1 il içində çəkən, tikən bizik! – “Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib”. Kəlbəcərə rahat, tez yetişə biləcəyimiz yollar uzun tunellər gərəkdirir – qazırıq, körpülər salırıq, dəmir yolları lazımdır – çəkirik, hava limanı vacibdir – tikirik. “Zəfər Yolu”muz, “Füzuli Hava limanı”mız var. İran üzərindən Naxçıvana, şərti adı ilə desək, “Zəngəzur-2” dəhlizinin açılması ilə bağlı razılıq əldə etmiş, razılığı rəsmiləşdirmişik. “Zəngəzur-1” deyəcəyimiz dəhlizin açılması öhdəliyi isə Ermənistanın üzərində, necə deyərlər, “Domokl qılıncı” kimi durur. Yəni, Ermənistan Ermənistanlığından əl çəkib, Azərbaycanla, Türkiyə ilə qonşuluqda yaşamağın qədir-qiymətini biləcəksə, nə sözdə, nə özdə qılınca-qalxana ehtiyac yoxdur; yox, əgər revanşdan, statusdan söz açacaqsa artıq cəhənəmədək yolları açıqdır.

“Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır”. – Prezident müşavirədəki nitqinə bildirdi.

Beləliklə, dövlət başçısının vurğuladığı kimi, ötən ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün zəruri vəzifələr icra edilib: beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilib, dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul edib. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, yeni yaranmış doğma Türk Dövlətləri Təşkilatının yeni reallığa adekvat münasibətini minnədarlıqla qeyd edirik. Və beynəlxalq qurumlardan, beynəlxalq reaksiyalardan danışarkən ATƏT-in Minsk qrupu və Avropa İttifaqının haqqında qısa da olsa, yazmaq lazımdır. Ona etibar olunmuş mandatı faktiki olaraq daşıya bilməyən, etibarsızlaşdıran Minsk qrupu de-yure var, de-fakto yoxdur – özü özünü sıfırlamışdır. Özəlliklə, həmsədrlərin bir-birinin ünvanına son günlər səsləndirdiyi fikirlərdən, qarşılıqlı sanksiyalardan sonra, Minsk qrupu özü-özünü buraxmış sayıla bilər. Minsk qrupu II Qarabağ müharibəsinə qədərki 28 illik fəaliyyətsiz fəaliyyəti ilə, həmsədrlərin turist səfərləri ilə sülhə yox, “status kvo”nun Azərbaycan tərəfindən qəbuluna xidmət etmişdi. Bu olmadı və onların mandatından irəli gələn məsələni, BMT-nin məlum 4 qətnaməsinin tələblərini Azərbaycan Silahlı Qüvvələri özü həll etdi.

Avropa İttifaqını isə ona görə vurğulayırıq ki, İttifaqla respublikamızın təmasları müharibəsonrası dövrdə daha intensiv xarakter alıb.

Postmüharibə dövrünün reallıqlarını qəbul etmiş Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə keçirilmiş Üçtərəfli görüşin “Yekun kommunike”sində nə “Dağlıq Qarabağ”, nə statusdan söz açılmır. Bu, ədalətli yanaşmadır. İndi isə Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması ilə məşğuldur. Və bu normallaşmanın baza prinsipləri olaraq, məhz Azərbaycanın irəli sürmüş olduğu 5 prinsip nəzərdə tutulur. Yəni, bizim qırmızı cizgimiz – Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Rəhmətlik Ozan Arif demiş “Başqa yolu yox artıq”!

30 il içində ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbətinin baş tutması da özünəməxsus müsbət hadisədir. – Ermənistan üçüncü tərəfin iştirakı olmadan birbaşa danışıqlarda nə qədər maraqlı olsa, nə qədər konstruktivlik nümayiş etdirsə, bu, ilk növbədə onun özü üçün və münasibətlərin normallaşdırılması üçün yaxşıdır. – “Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır”.

Və “Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək”. – Prezidentin bu sözləri Ermənistanla, onun himəyadarları ilə bağlı durumu və bizim tutumumuzu çox dəqiq ifadə etməkdədir.

Əlbəttə, müharibədənöncəki iqtisadi layihələr, ölkə iqtisadiyyatını gücləndirən zəruri addımlar tarixi Zəfərə imza atmış ordumuzun qalibiyyətə qadir olması, vacib texnika, texnologiya ilə təmin edilməsi və s. üçün çox önəmliydi. Müharibəsonrası iqtisadi artım, iqtisadiyyatın şaxələndirilməsi və zəruri islahatların aparılması bərpa-quruculuq işləri üçün fövqəladə önəm ərz edir. Mənzərəni Prezidentin öz sözləri ilə ifadə edək: “Ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır”.

Hər birimiz üçün qürurvericidir ki, müşavirədə ölkəmizin xarici ticarət dövriyyəsinin 60 faizdən çox artdığı bildirildi. Bildirildi ki, ixracımız təxminən iki dəfə artıb. Özəlliklə qeyri-neft ixracımızın 45 faiz artdığını bilmək çox xoşdur. Ağır işğala son vermiş, böyük tikinti-quruculuq, bərpa işləri görən bir ölkə üçün bu göstəricələrin nəyi ifadə etdiyi hər kəsə Gün kimi aydındır: “Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. ...Dövlət büdcəsi profisitlə icra olunur. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar”.

Bəli, bütün bu uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb: “Azad edilmiş torpaqlar da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra”.

Cənab Prezidentin sədrliyi ilə keçən müşavirə və müşavirədə səsləndirilən fikirlər, faktlar, rəqəmlər, təsbitlər bir də ona görə gündəliyin baş mövzusu olur ki, “indi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bu səbəbdən ərzaqlıq buğda ilə təminatımız diqqət mərkəzində olmalıdır. Azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verilib”.

Bəlli olduğu kimi, ümumi taxıl istehsalımız ölkə üzrə tələbatın cəmi 60 faizini, ərzaqlıq buğda ilə isə tələbatın 25 faizini təşkil edir. Ona görə də, işadamlarına konkret məqsədlərə xidmət edən güzəştli kreditlər veriləcək, bununla da taxılçılıq sahəsi inkişaf edəcək. Heç təsadüfi deyil ki, azad edilmiş torpaqlarımızda irimiqyaslı əkin işləri aparılır. – Bu il 50 min ha.-da əkin aparılacaq. Şair demiş "Çörək bol olarsa, basılmaz Vətən!"

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,
Millət vəkili,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

loading...
Diaspora