Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi iləkeçirilən prosesdə Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib.
Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.
Ş.Abdıyeva bildirib ki, Nərminin itdiyi gün onu əmisi gilin küçəsində görüb: "Mən S.Abdullayeva ilə birgə ingilis dili məşğələsindən qayıdan zaman Nərmini əmisinin evlərinin yanında gördüm. O, küçə ilə aşağıya doğru gedirdi. Küçədə "Malış" ləqəbi ilə tanınan çoban da var idi. Sonra Nərminin itdiyini bildik, məktəbdə hər kəs bu haqda danışırdı".
Daha sonra ifadə verən S.Abdullayeva isə həmin gün oradan keçdiyini təsdiqləsə də ətrafda heç kimi görmədiyini deyib: "Mən o zaman 5-ci sinifdə oxuyurdum. Bəli, sinif yoldaşımla birgə həmin küçədən keçdik, lakin ətrafa fikir vermədim".
Məktəblilərdən sonra meytin tapıldığı gün həmin küçədən keçən 3 kənd sakini ifadə verib. Onlardan Tahir Orucov və onun qızı Nuriyə Ramazanova bildirib ki, taksi ilə küçədən keçəndə biliblər ki, meyt tapılıb.
T.Orucovun sözlərinə görə, həmin vaxt küçədə "Muradı və Nazimi adlı şəxsləri, bir də İlkin Süleymanovu görüb: "Oradan keçirdik yolun kənarında yanmış meyit olduğunu deyirdiər".
N.Ramazanova isə qeyd edib ki, həmin o Murad adlı şəxsin İlkin Süleymanovu çağırdığını eşidib: "Mən Muradı gördüm. O, İlkin Süleymanovu səsləyirdi. Ona görə də bildim ki, İlkin də oradadır".
Hakimin qərarı ilə cinayət işi üzrə məhkəminin növbəti prosesi aprelin 15-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.