Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.
Proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində həyata keçirilib.
Qaziler.az xəbər verir ki, APA TV tələbə ilə söhbət zamanı çəkilən görüntüləri yayımlayıb. Suallara qısaca cavab verən Hüseyn Abdullayev girovluqda olarkən ona işgəncələrin verildiyini təsdiq edib. Məlumatda onun iki günə Bakıda olacağı bildirilib.
Qeyd edək ki, H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.
Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.