Nərmini sonuncu dəfə görən şahidin ifadəsində fərq oldu

Nərmini sonuncu dəfə görən şahidin ifadəsində fərq oldu backend

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyevanın qohumu olan Marif Quliyev və İlkin Süleymanovun yaşadığı evin yaxınlığında dükanı olan kənd sakini, Şəmil Vəliyev ifadə verib.

Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıblar.

M.Quliyev Nərmin Quliyevanı sonuncu görənlərdən biridir və o, istintaqa verdiyi ifadəsində Nərmin Quliyevanı sonuncu dəfə 15:30-da gördüyünü desə də, məhkəmədə ifadə verərkən 14:30 radələrində gördüyünü deyib.

Daha sonra Ş.Vəliyev ifadə verib. O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 13-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

loading...
Diaspora