Telefonları cavab verməyən dövlət qurumları açıqlama verdi

Telefonları cavab verməyən dövlət qurumları açıqlama verdi backend

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 24/7 rejimində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi əlçatanlığı təmin etməkdə və müraciətlərin effektiv təminində zəruri vasitədir.

Bunu "Report"un sorğusuna cavab olaraq Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Emil Şahzadə bildirib.

"Daxil olmuş müraciətlərə dərhal reaksiya verilir. Mahiyyətindən asılı olaraq yerində araşdırılır, bütün müraciətlər üzrə qanunamüvafiq tədbirlər görülür. Bu baxımdan sorğu aparmış tərəflə işçi qaydada əlaqə saxlanılıb, məsələnin sırf texniki səbəblə əlaqəli olduğu aydınlaşdırılıb. Belə ki, yalnız “Azercell” mobil operatorunun abunəçilərindən Çağrı Mərkəzinə müraciət etmək üçün bütün hallarda 012 şəhər kodu olmadan birbaşa 916 yığmaq tələb olunur”, - E.Şahzadə deyib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov isə bildirib ki, nazirliyin əlaqə nömrəsi rəsmi saytda qeyd edilib:

"Həmin nömrələr də işləkdir".

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə sorğumuza tez bir zamanda cavab veriləcəyi bildirilib.

Qeyd edək kİ, ötən gün Media Təhlil Mərkəzi (MTM) dövlət və özəl qurumların Çağrı mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib. Belə ki, bəzi qurumların fəaliyyətinə 0-2 bal verilib. Sorğuya əsasən, bunlar Mədəniyyət Nazirliyi (Qaynar xətt xidməti fəaliyyət göstərmir) və Müdafiə Sənayesi Nazirliyidir (Nazirliyin əlaqə nömrələri işləmir). Həmçinin hesabata əsasən, 0-2 bal alan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Çağrı Mərkəzinin əlaqə nömrəsinin də işlək olmadığı qeydə alınıb.

Diaspora