Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə 969 cinayət faktı aşkarlanıb. Onlardan 342-si narkotik vasitələrin qanunsuz satışı, 618-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 5-i qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiya edilməsi və digər cinayətlərlə bağlı olub. Narkotiklə mübarizədə hüquq mühafizə orqanları ilə yanaşı xüsusi təlim keçmiş itlərin də rolu danılmazdır. Bəs görəsən həmin itlərə təlim necə keçirilir?
Dövlət Gömrük Komitəsinin Kinoloji mərkəzinin rəisi İlkin Osmanov Moderator.az-a açıqlamasında bildirib ki, gömrük sərhəd-keçid məntəqələrində külli miqdarda narkotik vasitələrin respublika ərazisinə daxil edilməsinin qarşısı alınır. Sərhədçilərimiz bu işdə xüsusi təlim görmüş itlərin yardımından faydalanır.
“2003-cü ildə Dövlət Gömrük komitəsinin Kinoloji mərkəzi istifadəyə verilmişdir. Kinoloji mərkəzdə bizim əsas istiqamətimiz, əsas işimiz xidməti axtarış itlərinin hazırlanması, narkotik vasitələrin axtarışı, partlayıcı silah-sursat, tütün və digər hüquqpozma predmetləri aşkar olunması üzrə xidməti itlərin təlimi, aidiyyatı üzrə keçid nəzarət məntəqələrinə təhkim olunması və bu kimi işlərin həyata keçirilməsindən ibarətdir. Burada itlər təlimçi-kinoloqlar tərəfindən öyrədilir. Həmçinin Kinoloji mərkəzdə yeni kadrların hazırlanması, onlar üçün ixtisasvermə və ixtisasartırma kursları da fəaliyyət göstərir. 10-dan çox xarici ölkənin Gömrük Orqanlarının Kinoloji Xidmətləri də burada təlim keçib. Kinoloji Mərkəzin tərkibində muzey də var. Müxtəlif yarışlarda qalib gələn itlərimiz muzeyi kuboklarla bəzəyib. 2021-ci il ərzində keçid-nəzarət məntəqələrinə təhkim olunmuş kinoloqlar və onların axtarış itlərinin tətbiqi nəticəsində 1 ton 940 kq-dan çox narkotik vasitə, psixatrop maddələr dövriyyədən çıxardılmışdır. Xidmətdə əsasən alman çobanı itləri, labrador, Belçika itləri, golden retriver, ispaniel cinslərindən istifadə olunur” deyə İlkin Osmanov bildirib.
O həmçinin bildirib ki, axtarış və itaətetmə təlim komandaları itlərə 2 üsulla yem və oyun metodu ilə öyrədilir. Lakin dünya praktikasında, həmçinin də kinoloji mərkəzdə daha çox oyun üsuluna üstünlük verilir.
“Yemlənmələri 1 saat 40 dəqiqə verdikdən sonra axtarış itləri təlimlərə cəlb olunur. Nazirlər kabinetinin qərarına müvafiq olaraq Dövlət Gömrük Komitəsi Kinoloji mərkəzi xidməti axtarış itlərinin təlimində məhv etməsi nəzərdə tutulan narkotik vasitələrin əldə olunması, daşınması, təlimdə istifadə olunma məqsədi ilə əl yüklərinin içlərində təbii narkotiklərdən istifadə olunur. Balalar 7-8 ayına qədər bəslənilir, ondan sonra təlimə yönəldilir. İtlərin xidmət dövrü ortalama 8-9 ildir. Təliminə başlanılan it narkotik axtarışı üzrə 3-4 ay təlim keçir. Bir itə 5-6 iy öyrədilir. Narkotik vasitələrdən çətənə, həşiş, həşiş-qətranı, heroin və marixuanaya əlavə olaraq, eyni itə digər iylər də öyrədilə bilər. Bütün itlər xidmətə yaralı olmur. Doğulan hər 100 itdən 12-15-i xidmətə yararlı olsa, bu böyük nəticədir” deyə İlkin Osmanov bildirib.