Ötən gün Göygöl Milli Parkının ərazisi bir neçə saatlığa turistlərin üzünə bağlı olub. ANS TV-nin Gəncə bürosunun məlumatına görə, buna milli park ərazisini turistlərin çirkləndirməsi səbəb olub.
Göygöl Milli Parkının ərazisinə girişdə olan məhdudiyyət çox qısa zamandır ki, aradan qaldırılsa da, bəzi bura gələn turistlər və sakinlər təbiətə laqeyd münasibət göstərərək ətrafı zibilləməyə cəhd göstərirlər.Lakin belə turistlərə qarşı çox ciddi cəza tədbirləri nəzərdə tutulur. Belə ki, fiziki şəxslər ətrafı zibillədikdə onlar 800 manat miqdarında cərimələnə bilərlər.
Meşə zolağında və göl ərazisinə atılan tullantıları təmizləmək üçün əraziyə parkın işçilərilə yanaşı, bir neçə qoruğun əməkdaşları da cəlb olunublar.
12 min hektardan çox olan ərazinin istifadə olunan 5 kilometr ərazidə təmizlik işləri aparıldı.
Bundan sonra isə hərəsi 100 kiloqram tutumlu olmaqla raziyə 40 ədəd zibil qabları yerləşdirilib.
Parkın direktoru deyir ki, gələn vətəndaşlara polietilen torbalar da təklif olunur ki, tullantıları bura yığsınlar. Lakin qaydalara əməl etməyənlər üçün cəzalar sərt olacaq.
"Bu kimi halların qarşısını almaq məqsədilə vətəndaşlardan sənədlərin təqdim etməsini tələb edirik. Çox zaman vətəndaşlar sənədlərini təqdim etməkdən imtina edirlər. Bu zaman isə biz onların avtomobillərinin dövlət nömrə nişanlarının qeydiyyatını aparıb polisə müraciət edirik. Polisin köməyi ilə onların şəxsiyyəti müəyyənləşdirilir. Müəyyənləşdirildikdən sonra vətəndaşa qarşı cərimə tətbiq olunur", - deyə Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov bildiib.
Əksər turistlər də ətrafı zibilləyənlərə qarşı sərt mövqedədirlər. Onlar təbii sərvətin qorunmasının tərəfdarıdırlar.
"Göygöl Milli Parkının təkrar olaraq insanların xidmətinə verilməsini alqışlayıram. Ərazini tullantılarla zibilləmək isə düzgün deyil. Hesab edirəm ki, ərazini təmiz saxlamaq lazımdır", - deyə turist Elsəvər Əhmədov qeyd edib.
Bununla belə park ərazindəki mövcud qaydalara əməl etməyən şəxslərin qara siyahısı tərtib olunacaq və bu şəxslər Göygölə buraxılmayacaq.
Hazırda isə Göygölə giriş bilet əsasında sərbəst həyata keçirilir.