Qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

Qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib backend

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev “Qarabağ” QHT Koalisiyasına daxil olan qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb.


Bu barədə AZƏRTAC-a Şuranın mətbuat xidmətindən bildiriblər.

A.Quliyev görüşü açaraq deyib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün həm milli, həm də beynəlxalq müstəvidə fəaliyyətini gücləndirməkdə davam edir. Şura sədri vurğulayıb ki, Prezident İlham Əliyev QHT-lərə dövlət dəstəyinin əsas istiqamətlərini müəyyənləşdirən zaman Dağlıq Qarabağ mövzusunu ən prioritet mövzu kimi təsdiq edib: "Məhz bunun nəticəsidir ki, bu mövzuda QHT-lər indiyədək Şuranın yardımı ilə ümumi maliyyə dəyəri 2 milyon 100 min manatdan artıq olan 141 layihə icra ediblər".

A.Quliyev bildirib ki, Şura beynəlxalq aləmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini möhkəmləndirmək və Ermənistanın işğalçı mahiyyətini ifşa etmək məqsədilə xarici ölkə QHT-lərinə qrant müsabiqəsi elan etmiş və onların bu istiqamətdə layihə təkliflərini dəstəkləyib.

Şura sədri şəhid ailələri və müharibə veteranlarının sosial qayğılarının həllinə ictimai dəstəyin daim gücləndirilməsində “Qarabağ” QHT Koalisiyasına daxil olan təşkilatların uğurlu fəaliyyətini vurğulayaraq deyib ki, indiyədək bu istiqamətdə QHT-lərin təklif etdiyi bütün layihələr Şura tərəfindən dəstəklənib və heç bir təklif diqqətdən kənarda qalmayıb. Azərbaycan hökumətinin şəhid ailələrinə, Qarabağ qazilərinə, onların ailələrinə diqqət və qayğısının təzahürü olan bu dəstəyin hər zaman davam edəcəyini söyləyən A.Quliyev "Qarabağ" QHT Koalisiyasının Resurs və İnformasiya Mərkəzinin yaradılması təklifinə Şurada baxılacağını bildirib.

Müzakirələrdə çıxış edən "Qarabağ" QHT Koalisiyasının sədri Vüqar Qədirov və QHT-rəhbərləri layihələrin icrası və nəticələri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Vüqar Qədirov qurumun fəxri fərmanını Azay Quliyevə təqdim edərək əməkdaşlıq və dəstək üçün Şura sədrinə təşəkkürünü bildirib.
Diaspora