Səfər Əbiyevin qoyub qaçdığı Fərrux dağı - Qarabağ qazisi şok faktları AÇIQLADI

Səfər Əbiyevin qoyub qaçdığı Fərrux dağı -  Qarabağ qazisi şok faktları AÇIQLADI backend

Erməni KİV-lərinin iddiasına əsasən Azərbaycan Ordusu Əsgəran rayonunda yerləşən Fərrux dağı ətəyindəki Fərrux kəndini və bir neçə strareji əhəmiyyətə malik yüksəklikləri ələ keçirib. Müdafiə Nazirliyi bu istiqamətdə döyüşlərin getdiyini inkar etsə də, ordumuzun “dislokasiya” tədbirlərini icra etdiyini bildirib. Müxtəlif mənbələrdən əldə edilən məlumata görə artıq Fərrux dağ silsiləsi ordumuzun nəzarətindədir.

Xatırladaq ki, Fərrux dağı Qarabağda ən strateji ərazilərdən biridir və Birinci Qarabağ müharibəsi zamanı bu istiqamətdə ordumuz xeyli itkilər verib. Hətta böyük şair Xəlil Rza Ulutürkün oğlu, Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində şəhid olub.

Mövzuyla bağlı Qarabağ qazisi, Fərrux dağı uğrunda gedən döyüşlərin iştirakçısı Rey Kərimoğlu EDNews-a eksklüziv müsahibə verib və ölkə ictimaiyyəti üçün ilk dəfə bir çox gizlin məqamların üstünü açıb:

Rey Kərimoğlu Ağdərə əməliyyatı ha-qqında - Feedc

“Fərrux Dağı hərbi baxımdan Xocalıdan daha əhəmiyyətlidir”

- Məlumdur ki, günlərdir Erməni mətbuatı ordumuzun Fərrux kəndi istiqamətində irəlilədiyini, bir neçə yüksəkliyi ələ keçirdiyini iddia edir. Bu kəndin strateji əhəmiyyəti nədən ibarətdir?

- Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hətta mən deyərdim Xocalıdan da vacib bir yerdir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Belə ki, Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir. Fərrux kəndi isə 40-50 evdən ibarət bir kənddir, Kolanlı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. O kənd əgər azad olunubsa, Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir.

“Ordumuz Ağdərə-Xankəndi yoluna tam nəzarət edə bilər”

Fərrux dağındakı yüksəkliklərdən biri də Daşbaşıdır. O yüksəkliksə Fərrux dağında ən strateji yerdir. Bunu çoxları bilmir, Daşbaşı və Fərrux dağının digər yüksəkliklərini alan tərəf “86-cı” deyilən bir yola, Ağdərə-Xankəndi yoluna nəzarət edə bilər. Əldə olunan məlumatlara görə bizim ordu hazırda Daşbaşındadır. Bu isə Əsgəran, Xanabad və Xocalının tam ovucumuzun içinə düşdüyü, Xocalının o biri başından keçən Xankəndi yolunun da nəzarətimizə keçdiyi mənasına gəlir. Bu Qarabağdakı separatçıların taleyinin həll edilməsi deməkdir.

- Deməli, bu qədər əhəmiyyətli olduğu üçün Birinci Qarabağ müharibəsində bu dağ uğrunda bir çox hücumlar təşkil olunub və ordumuz xeyli itki verib. O dövrdə bu istiqamətdə gedən döyüşlərin iştirakçısı kimi hansı Fərrux dağını ala bilməməyimizin səbəbini nədə görürsünüz?

- Deməli, 1992-ci ilin 31 yanvarında Fərrux dağındakı Daşbaşı yüksəkliyinin aşağısındakı kənd Şirin Mirzəyevin özünmüdafiə batalyonu və polis alayının iştirakı ilə ermənilərdən azad olunub. Mənsə bu kəndin azad edilməsindən sonra onun müdafiəsində iştirak etmişəm. Ümumiyyətlə Fərrux dağı və Daşbaşı istiqamətində bir çox əməliyyatlar həyata keçirilib. Bu əməliyyatları rəhmətlik komandirimiz Şirin Mirzəyevin yaratdığı batalyon icra edirdi. 1992-1993-cü illərdə bəlkə də bu istiqamətə tərəfimizdən 10 dəfə hücum təşkil olunub. Bir neçə dəfə Daşbaşını almışıq, lakin saxlaya bilməmişik.

- Niyə?

- Biz oradakı erməni qüvvələrini çox asan bir şəkildə zərərsizləşdirə bilirdik. Lakin 30-40 dəqiqə sonra ermənilərə kömək gəlirdi və Xankəndi-Xanabad istiqamətindəki yüksəkliklərdən bizi iri çaplı silahlardan atəşə tuturdular. Bizimsə Daşbaşında qorunmağa yerimiz yox idi. Ona görə də hər dəfə biz məcbur olub yüksəklikdən düşür, buranı əlimizdə saxlaya bilmirdik.

- Siz də bu istiqamətdə gedən döyüşlərdə yaralandınız?

Bəli, 1992-ci ilin avqustun 9-da biz kiçik bir kəşfiyyat qrupu kimi gecəylə bu istiqamətdə yoldandıq. Məqsədimiz Daşbaşına qalxan zaman bizi vuran ermənilərin təminat durumu, onlara arxadan gələn dəstək yolları, bu dəstəyin qarşısını almaq üçün pusqu qurmaq yerləri və s. müəyyənləşdirmək idi. Öyrənmək istəyirdik ki, Daşbaşı yüksəkliyinə çıxanda bizi vuran erməni qüvvələrini, onlara gələn dəstəyi necə zərərsizləşdirə bilərik. Biz kəşfiyyat planını uğurla icra edib geri dönəndə minaya düşdük. Üç nəfər idik və mən də orada yaralandım.

“Səfər Əbiyev maşınını, buşlatını qoyub qaçdı”

- Fərrux dağı uğrunda gedən döyüşlərdən xüsusilə biri daha çox xatırlanır. Sabiq Müdafiə nazirinin müavini Mehman Səlimovun komandanlığında aparılan əməliyyat zamanı ordumuz ağır məğlubiyyətə uğrayır və yüzlərlə əsgərimiz şəhid olur. Siz şahidlərdən biri kimi bu əməliyyatın uğursuzluğa uğramasının səbəbini nədə görürsünüz?

- Bu əməliyyata tək Mehman Səlimov yox, sabiq müdafiə naziri Səfər Əbiyev də rəhbərlik edib. Hətta sizə deyim ki, bu əməliyyatda Əbiyev “UAZ” markalı avtomobilini və buşlatını qoyub qaçıb. Sözügedən əməliyyatın dəqiq tarixi xatirimdə deyil. Lakin onu deyə bilərəm ki, o dövrdə onlar Fərrux dağı əməliyyatını hazırlayanda mən şəxsən bir kəşfiyyatçı kimi yazılı raport vermişəm. Lakin onlar nə mənim, nə də digər kəfiyyatçıların yazılı və şifahi raportlarını incələmədən əməliyyat planını hazırladılar. Biz dəfələrlə kiçik qüvvə ilə bu dağı almışdıq, lakin bu dəfə onlar böyük bir qoşunla ciddi uğursuzluğa uğradılar.

İtkilərin çox olması və məğlubiyyətin səbəbini isə belə izah etmək olar. Bunu ilk dəfə deyirəm. Fərrux dağının ətəyində, həm biz, həm də ermənilər tərəfindən xeyli minalar basdırılmışdı. Əbiyevlə Səlimov zəncirvari hücum etmək istəyəndə biz izah etdik ki, burada xeyli mina var. Onlar da 3-5 metr enində bir cığır açıb dağa qalxmaq istədilər. Biz yenə onlara izah elədik ki, biz dağı itkisiz alıb, sizə təhvil verə bilərik. Onlarsa bizim təkliflərimizi qulaq ardına vurdular.

Nəticədə Əbiyev və Səlimov açdıqları cığırla Daşbaşına qalxanda ermənilərin atəş mövqeyinə çıxdılar. Erməni dəstələri iri çaplı silahlardan onları atəşə tutdu. Orada şəhid və yaralılarımız oldu. Qoşunlarımız atəşdən yayınmaq üçün gizlənmək məqsədilə sağa-sola qaçanda minaya düşdülər. Nəticədə böyük bir panika yaşandı və xeyli əsgərimiz şəhid oldu. İndi bəziləri iddia edir ki, bu əməliyyatda guya 2 minə yaxın şəhid vermişik, məncə bu şişirdilmiş rəqəmdir. Orada maksimum 100-ə yaxın itki vermişik. Bundan sonra da Fərruxu almaq üçün bir çox cəhdlər edildi, lakin alınmadı.

Diaspora