Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün təkmilləşdirmə kurslarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə çıxış edərək, beş gün davam edəcək kurslarda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında”, “Gömrük rəsmiləşdirilməsi və yeni gömrük qanunvericiliyinin tətbiqi haqqında”, “Qida təhlükəsizliyi günün aktual məsələlərindəndir” və “İstehlakçıların hüquqlarının qorunması” mövzularında seminarların keçiriləcəyini bildirib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Naxçıvan Biznes Mərkəzinin imkanlarından istifadə edilməsi yönündə verilmiş tapşırıqların icrası baxımından keçirilən kursların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, aktual mövzulara həsr olunan seminarlar sahibkarların maarifləndirilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi məqsədi daşıyır.
Sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Ruslan Ələkbərov və Bəxtiyar Həsənovun təqdimatında “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin nümayəndəsi İsmayıl Bağırovun təqdimatında isə “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında” mövzularında seminar keçirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.