Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Nəfəs İB sədri F.Balakişiyeva ATXƏM-in “Birlik” jurnalının baş redaktoru, DGTYB Məsləhət Şurasının üzvü, şair İlqar İlkinlə görüşüb.
Qaziler.az xəbər verir ki, millət vəkili İlqar İlkini 50 illik yubileyi münasibətilə təbrik edib, Komitə adından Təbrik məktubu təqdim edib.
Təbrik məktubunda bildirilir:
“Hörmətli İlqar müəllim,
Sizi 50 illik əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz orta təhsilinizi doğma Qaraçöp mahalında (Gürcüstan), Yor-Muğanlı kənd orta məktəbində və Bakı şəhərindəki 5 saylı kimya-biologiya təmayüllü məktəbdə almısız. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin Filologiya fakültəsində ali təhsil almısız.
Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olmusuz, şeirləriniz aparıcı qəzet və jurnallarda çap edilib. Siz 100-ə yaxın kitabın redaktorusuz. 1997-ci ildən AYB-nin və Birliyin “Ulduz” jurnalının redaksiya heyətinin üzvüsüz. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin seçkili rəhbər orqanlarında müxtəlif vəzifələr daşımış, Birliyin dövlət qeydiyyatına alınması üçün müraciət edən yazarlardan biri, sonralar DGTYB Məclisinin başqanı olmusuz.
1996-cı ildə “Halal eylə bu sevgini” adlı şeirlər kitabınız, 1998-ci ildə isə həmmüəllifli olduğunuz “Qaytarılan köç karvanı” publisistik kitabınız gün üzü görüb.
Mətbuat və diaspor işi sizin fəaliyyətinizdə önəmli yer tutur. 1993-cü ildən “Yurddaş” qəzetinin müxbiri olmusuz və 2000-ci ilə qədər müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri, redaktor kimi fəaliyyət göstərmisiz.
2001-2005-ci illər ərzində Milli QHT Forumunun mətbuat xidmətinin rəhbəri, eyni zamanda BMT-nin Təlim və Resurs Mərkəzinin dəstək verdiyi “QHT bülleteni”nin redaktoru olmusuz.
Qardaş Türkiyə Cümhuriyyətində yaşadığınız 2005-2009-cu illərdə biznes fəaliyyəti ilə yanaşı, Türkiyədəki Azərbaycan diaspor təşkilatları ilə də aktiv əməkdaşlıq edərək, diaspor təşkilatlarının işinə töhfələr vermisiz.
2009-cu ildən “Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi”nin icra katibi, təşkilatın təsis etdiyi “Birlik” jurnalının baş redaktorusuz.
2013-cü ilin aprel ayında Milli QHT Forumunun Diaspor və Lobbiçilik departamentinin rəhbəri təyin olunmusuz.
Siz 2014-cü ildə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olmusuz. 2015-ci ildə 22 iyul – Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Mətbuat Şurasının Ali Media Mükafatına, 2016-cı ildə "Mirzə Cəlil" Media Mükafatına layiq görülmüsüz.
Bir neçə dəfə Dünya Gənc Türk Yazarlar Birliyinin, eləcə də, “Belçika Türkcə Media Birliyi”nin (2017), “Azərbaycan-Türkiyə Evi” İB və “Azərbaycan Diasporu İnformasiya Mərkəzi”nin (2018), “Türk Dünyası Qəzetçilər Federasiyası”nın (2018) və b. qurumların "Fəxri Fərman”ı ilə təltif edilmisiz.
Sizi 50 illik yubileyiniz və qarşıdan gələn Novruz bayramı münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”
Görüşün sonunda Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və Nəfəs İB sədri Firəngiz Balakişiyeva yubilyara xatirə hədiyyələri təqdim ediblər.
İlqar İlkin səmimi görüş və təbrik üçün təşəkkür edib.