Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan APA-ya daxil olan məlumata görə, şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə keçirilən tədbirin gündəliyinə 4 məsələ daxil edilib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İlk olaraq Ələt qəsəbə sakini İmaməli Səmədovun “Haqqın sədası press” qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya üzvləri ötən il ərzində cəmi 9 sayı işıq üzü görmüş bu mətbu nəşrdə etik prinsiplərin gözlənilmədiyini, peşədən sui-istifadəyə yol verildiyini müəyyənləşdiriblər. Bütün bunlar və digər amillər qəzetin fəaliyyətinin MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası tərəfindən araşdırılmasının vacibliyi vurğulanıb.İclasda daha iki kütləvi informasiya vasitəsi - “Yüksələn Azərbaycan” qəzeti və Jurnalist Araşdırma Mərkəzi barədə məsələnin “Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında müzakirəsi məqbul sayılıb.
Komissiya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağının qəzetlə bağlı müraciətinin müzakirəsi zamanı mətbu nəşrin MŞ-nin “qara siyahı”sındakı bir sıra KİV-lərlə korporativ əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini müəyyənləşdirib. O da müəyyən olunub ki, baş redaktor Kifayət Vəliyevanın jurnalist peşəsi ilə bağlı olmayan maraqlarının həyata keçirilməsinə xüsusilə Aynur Babayevanın baş redaktoru olduğu “Ədalət tribunası” qəzeti fəal dəstək verir. Hər iki qəzetdə yoxlanılmamış, dəlil-sübutlara əsaslanmayan, böhtan xarakterli materialların olduğu kimi təqdimatı, tədbir görülmək üçün müvafiq orqanlara göndərilməsi və sair oxşar metodlar bunun əlamətləri sayılıb.
Qeyd olunub ki, bir ay müddətində “Ədalət tribunası” qəzeti ilə əlaqədar Mətbuat Şurasına Mingəçevir Turizm Kollecindən, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından, Göygöl Suvarma Sistemləri İdarəsindən, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən və ölkənin digər yerlərindən şikayətlər ünvanlanıb.
Salyan Rayon İcra Hakimiyyətinin Jurnalist Araşdırma Mərkəzi (jam.az) barədə müraciətinin müzakirəsi zamanı MŞ-nin ötən il bu KİV-ə xəbərdarlıq etməsinə baxmayaraq, orada etik prinsiplərə sayğılı münasibət nəzərə çarpmadığı deyilib. Salyan RİH-in şikayətini doğuran yazılarda belə hallar özünü qabarıq göstərir.
Laçın Rayon İcra Hakimiyyətinin hefteaz.tv saytı ilə bağlı şikayəti ilə bağlı isə şikayətçi tərəf məsələ barədə məhkəməyə də müraciət etdiyi üçün MŞ-nin prosedur qaydalarına uyğun olaraq müraciətə baxılmayıb.