Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid Kəlbəliyev Mirkazım Firuz oğlunun ailəsini Novruz bayramı ərəfəsində ziyarət edib.
Nazirlikdən Qaziler.az-a verilən məlumatda bildirilir ki, M.Kəlbəliyev 44 günlük Vətən müharibəsində Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə“, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni mənzillə təmin edilib. Ailəyə sığorta ödənişi, maddi yardım verilib. Ailə üzvlərinə Prezidentin aylıq təqaüdü, ailə başçısını itirməyə görə aylıq pensiya, şəhidin iki uşağının hər birinə aylıq müavinət ödənilir.
Ailə ilə görüş zamanı şəhid M.Kəlbəliyevin həyat yolundan, Vətən müharibəsində şücaətlərindən bəhs olunub. Torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının, həmçinin şəhid M.Kəlbəliyevin xatirəsinin həmişə ürəklərdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. A.Əliyev ailənin bundan sonra da daim diqqət və qayğı ilə əhatə olunacağını bildirib.



