Zərdabın Bıçaqçı kəndində rayonun vəzifəli şəxslərinin sakinlərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə yerli hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, ziyalılar iştirak ediblər.
Görüşü rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq son illər ölkəmizdə, o cümlədən Zərdabda sosial-iqtisadi sahələrdə görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı respublikamızın digər bölgələrində olduğu kimi, Zərdabda da bütün sahələrdə dinamik inkişafı təmin edir. Bu gün rayonda geniş tikinti-quruculuq işləri aparılır, rayon mərkəzində və kəndlərdə əhalinin sosial problemləri həll olunur. Xüsusən yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam etdirilir. Artıq 17 kənddə sakinlər “mavi yanacaq”dan istifadə edirlər. Daha 11 yaşayış məntəqəsinə təbii qaz xətti çəkilir.
Şəhər əhalisinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması məsələsi də öz müsbət həllini tapıb. Elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılıb. Şəhər və kəndlərdə küçələrinin təmiri və yenidən qurulması, yol infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülür.
Görüşdə çıxış edən Məzahir Səmədov, Əhməd Məlikov, Talıb Talıbov və başqaları ölkəmizdə və rayonda sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələrə, ən ucqar yaşayış məntəqələrində belə insanların sosial qayğılarına göstərilən diqqətə görə Prezidentə öz minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda sakinlər kənddəki tam orta məktəb binasının əsaslı təmir edilməsi, uşaq bağçası üçün yeni binanın tikilməsi, kəndarası yolların təmiri ilə bağlı məsələ qaldırıblar.
Sakinlərin təklifləri və qaldırılan məsələlərin həlli ilə əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.