Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyla görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Seyfəddin müəllim,
Sizi, 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz Azərbaycan folklorşünaslığının sovet metodoloji stereotiplərindən təmizlənməsi, milli folklorşünaslıq elmimizin dünya sosial-antropoloji fikir dövriyyəsinə daxil edilməsi, Oğuz(-Türk) mifoloji düşüncə sistemi və milli kimlik arxetplərinin struktur-semiotik metodla tədqiqi sahəsində xüsusi xidmətləri olan alimsiz. Siz, “Dədə Qorqud” kitabının ritual-mifoloji strukturunun bərpası, dünya Qorqudşünalığına yeni baxış sisteminin (fenomenoloji yanaşma üsulu) gətirilməsi, dastanın yeni tapılmış əlyazmasının (“Kitabi-Türkman lisani”) özünüzün yaratdığınız transmediativ metodla araşdırılması, çağdaş milli ictimai şüurda epik-mifoloji düşüncə modellərinin rekonstuksiyası, habelə NİZAMİ yaradıcılığının etnik kimlik və milli düşüncə kodu kimi tədqiqi və b. sahələrdə fundamental əsərlərin müəllifisiz.
Sizi bütün elmi uğurlarınız və yubileyiniz münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva professora Komitə adından Təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.
Professor Seyfəddin Rzasoy səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.
Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və RHiM İB sədri Arzu Bağırova da iştirak edib. Onlar da professor Seyfəddin Rzasoyu təbrik edib, ona bundan sonraki fəaliyyətində uğurlar diləyiblər.
