“Məni ölməyə qoymayın!” - Qarabağ döyüşçüsü ölüm ayağında...

“Məni ölməyə qoymayın!” - Qarabağ döyüşçüsü ölüm ayağında... backend

Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil, 1975-ci il təvəllüdlü Heydərov Arzu Əhmədli oğlu ağır durumdadır. İki övlad atası olan Arzu 8 yanvar 1994-cü il hərbi xidmətə yollanıb həmin il atəşkəs elan olunan dövrə qədər – 12 may 1994 cü ilə kimi Ağdərə rayonunda gedən qanlı döyüşlərdə iştirak edib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub. Nəhayət soyuq səngər, ağır döyüş yolu özünü biruzə verib. Elə o vaxtdan da onda ağır formada böyrək çatışmazlığı yaranıb.

Redaksiyamıza müraciət edən Arzunu ürək ağrısı ilə dinlədik: “Böyrəklərimin heç biri işləmir. Həftədə üç dəfə Ağdaş rayonunda dializ olunuram, bədənimə su yığılır. Maddi vəziyyətim çox pisdir. İki övladım var. 2008-ci ildən xəstə olduğuma görə işləmirəm. Yoldaşım da mənə baxır. 152 manat pensiya, 109 manat da uşaqlara görə müavinət alıram. Əlilliyə görə pensiya aldığımdan veteranlar üçün nəzərdə tutulan 45 manat müavinəti də kəsiblər. Başqa yerdən gəlirim yoxdur. Maddi baxımdan çox acınacaqlı vəziyyətdə yaşayırıq. İynə-dərmanımı belə ala bilmirəm. Bütün əlaqədar təşkilatlara müraciət etmişəm, heç bir nəticəsi yoxdur. Böyrək köçürülməsi ilə bağlı Mehriban xanıma müraciətimdən sonra donor olarsa əməliyyat oluna biləcəyim haqda cavab gəlmişdi. Lakin donorum yoxdur. Mən sağlamlığımı torpaq uğrunda itirmişəm. Ona görə də hökumətdən kömək istəyirəm. Məni ölməyə qoymayın!”

Döyüşçüyə kömək lazımdır. İmkanı olanlar ya onun özü ilə (050 395 93 27), ya da redaksiyamızla əlaqə saxlasın.

Qaziler.az
Diaspora