“Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlar rəsmi Moskvanın siyasətinə, bu ölkənin imzaladığı sazişlərlə müəyyənləşmiş vəzifə və öhdəliklırinə ziddir. Rusiya ilə normal münasibət saxlayan tək-tük ölkələri də qıcıqlamdırmağa və küsdürməyə xidmət edir. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin normal məcrada inkişafına səy göstərib. Son addımlar bu münasibətlərə ciddi xələl gətirir”.
Bu fikirləri Modern.az-a Milli Məclisin Qarabağdan olan deputatı Ceyhun Məmmədov Rusiya Müdafiə Nazirliyinin martın 7-də yaydığı bəyanata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təsbit edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha xüsusi vurğulanıb.
“Görünür, Ukraynadakı ardıcıl və biabırçı uğursuzluqlarla əlaqəli Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində oturan şəxslər nə etdiyinin fərqində deyillər. Onların məqsədi nədir? Münasibətləri gərginləşdirmək və pozmaq? Bu iki ölkə arasında qarşılıqlı münasibətlərə ciddi xələl gətirən kobud səhvdir.
Rusiya Müdafiə Nazirliyiu belə açıqlamalar verməklə diqqəti Ukraynadakı biabırçı məğlubiyyətdən yayındırmaq, aranı qatmaq istəyir. Ancaq bu Rusiya tərəfinə heç bir uğur gətirməyəcək. Rusiya tərəfi Azərbaycanla münasibətlərin qorunmasında maraqlı olmalıdır”.
Deputat deyib ki, burada Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun rolunun olduğu şübhəsizdir.
“Öz vəzifə öhdəliklərinə əməl etməyən, ermənilərin yaşadığı ərazilərdə biznes quran, Azərbaycana qarşı xüsusi mənfi münasibəti olan Volkovun təqdimatı ilə hazırlanan bu tipli məlumatlar Rusiya ilə Azərbaycan arasında əlaqələrə xələl gətirmək məqsədi güdür. Rusiya tərəfi bu kimi məlumatları yayarkən çox diqqətli olmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu bütün dövlətlər nəzərə almalıdırlar”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin martın 7-də yaydığı bəyanatda Ukraynaya yardım göstərən ölkələrlə və separatçı rejimlərlə yanaşı, "Dağlıq Qarabağ" ifadəsini də işlətməsi Azərbaycan hökumətində ciddi narazılıq yaradıb.
Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dərhal açıqlama verib və "Dağlıq Qarabağ" ifadəsinin işlənməsinin "qəbuledilməz" olduğunu bildirib.